Oktyabr 4, 2022

20 yaşında qatil olan ana: Günahkar kimdir? – Ailə, yoxsa cəmiyyət…

20 yaşlı qadının 1 yaşlı körpəsini zəhərləyərək öldürməsi ölkə gündəmini sarsıtdı. Kimisi qadını qınadı, kimisi isə özünün hələ həyatı dərk edə bilmədiyi zamanda ana olmasına diqqət çəkdi. Mraqlıdır, hadisəyə səbəb nə idi? Onu övladını öldürmək həddinə çatdıran nə oldu?

Mütəxəsislər fikirlərini Turaz.org ilə bölüşüblər.

Şəxsiyyəti tam formalaşmayan insan ana olmağa məcbur edilir”

Sosioloq Sənubər Heydərovanın fikrincə, qadının bu addımı atmasına səbəb depressiyadır. Ananın yaşına diqqət çəkən ekspert bildirib ki, onun şəxsiyyəti tam formalaşmayıb:“20 yaşı var, gəncdir. Buna erkən analıq deyirlər. Erkən ana olan qadın analığı tam dərk edə bilmir. Özünün şəxsiyyəti tam formalaşmayan insan bu və ya digər yolla ana olmağa məcbur edilir. Məsələn, erkən ərə verilir, erkən həyat qayğılarının içinə atılır. Bədəni hələ formalaşmamış insan başqa bir insanı dünyaya gətirir. Postnatal depressiya deyilən bir anlayış var. Əvvəldən depressiya əlamətləri olan şəxslər olur ki, onlar depressiyanı digər şəxslərlə müqayisədə 30 faiz daha çox yaşayırlar. O insanlar doğuşdan sonra ağır depressiya yaşayırlar. Bu isə intihar, ölüm fikirlərindən müşahidə olunur. Həmin ana ola bilər ki, postnatal depressiya yaşayıb. Çox güman ki, ananın özünün də intihar cəhdləri olub. Ailənin diqqətsizliyi nəticəsində vaxtında psixoloji yardımı almayıb və belə nəticələnib. Buna həkimlər, pediatrlar diqqət etməlidirlər. Amma ölkəmizdə pediatrların və qadın həkimlərinin doğuşsonrası depressiyaya diqqətli yanaşdığının şahidi olmamışıq. Təəssüf ki, bu faktor çox rol oynayır. Ailə bağları sağlam qurulmalıdır. İnsanlar cinsi həyatlarını yaşayıb doyandan, müəyyən mərhələyə çatandan sonra ailə qurub, valideyn olmalıdırlar. Buradan da görünür ki, qadın özünü dərk etmədən gənc yaşda ailə qurub. Xaricdən əsas fərqimiz budur. Patrialxal ölkədir, xüsusilə qadınların toydan əvvəl cinsi münasibətdə olması yaxşı qarşılanmır. Bunlar da onun nəticəsidir”.

“Doğuşdansonrakı travmaya meyillidir

Psixoloq Fərqanə Mehmanqızı isə hesab edir ki, bu hal cəmiyyətdəki aqressiyadan qaynaqlanır. Ekspertin fikrincə, cəmiyyət aqressiyasını ailədaxili münasibətlərdə biruzə verir:
“Aqressiyadan əziyyət çəkirik. Ailələrdə özündən zəiflərə, qadınlara və uşaqlara qarşı təzyiqdə bir daha bunun şahidi oluruq. İctimaiyyət arasına çıxdıqda görürük ki, insanlar bir-biri ilə çox acıqlıdır, sosiallaşma çox aşağı düşüb. Bu da pandemiyanın iqtisadi zərərləri, pandemiyadan sonrakı psixoloji vəziyyət, ailədaxili münaqişələr və şəxsiyyətin formalaşması dövründə baş verən travmaları üzə çıxarır. Nəticədə insanlarda özünü idarəetmə, davranış pozğunluğu yaranır. Bu gün ailələrdə qırılmalar baş verir, ailədaxili empati bacarığı aşağı düşüb. O hadisədə qadının psixoloji vəziyyətini bilmirəm. Baxanda başa düşürük ki, 20 yaşında qız anadırsa, deməli bu qız daha tez ailə qurub. Daha tez ailə qurubsa, deməli hər hansı doğuşdansonrakı travmaya, depressiyaya qarşı meyillidir. Qadının hansı şəraitdə ailə qurmasını bilmədiyimizə görə bu bir az sual altındadır. Çünki əri ilə mübahisə zamanı özünü və uşaqlarını balkondan atan anlar, özünü və körpə uşaqlarını asan qadınlar haqqında nümunələr var.Problem nəticəsində cinayətə meyilli olan qadının travmasının hər hansı ailə münaqişəsi zəmnində qalxması və problemlərinin adekvat hala gəlib çıxmaması ilə belə hadisələr baş verir. Bu hadisənin müzakirə olunması belə canımı yandırır”.

“Məqsədli şəkildə olub”

Anaın psixoloji vəziyyətindən söz açan ekspert bildirib ki, onun körpəsini öldürməsi düşünülmüş prosesdir: “Ekspertiza rəy versin ki, o ana psixoloji cəhətdən özündə olmayıb və ani baş verib. Bir yaşında uşağın yeməyinə zəhər tökmək və uşağı yedizdirmək uzun prosesdir. Məqsədli şəkildə olub. Bəlkə də qadın şizofreniyadan əziyyət çəkə bilər, istisna deyil. Bütün problemlərin arxa fonunda mənəvi aclıq durur. Bu da sevgisizlik, empati qura bilməməkdən qaynaqlanır. İnsanlar çalışmalıdır ki, bir-birini qorusun, dinləyə bilsin. Cəmiyyət olaraq bir-birimizi dinləyə bilməməyimizin nəticəsi aqressiyaya, depressiyaya, cinayətə gətirib çıxarır. İstər ailədaxili, istər cəmiyyət arası, istərsə də sosial mühitdə olsun, fərqi yoxdur, bir-birilərini dinləyə bilməyən, empatiya qura bilməyən, faktları olduğu kimi qəbul edib yaşamamaq, dinləməmək bu kimi hadisələrdə özünü aşkar şəkildə göstərir”.

YAZAR: “Turaz.org” Təhlil Komandası- Ağayeva

Translate »