Sentyabr 25, 2022

2500 illik tarixi yaşadan qədim sütun altlıqları

Muzeylər bəşəriyyətin tarix boyu qurub-yaratdığı, gələcək nəsillərə ötürmək istədiyi maddi-mənəvi, mədəni dəyərlərin qorunub saxlandığı, xüsusi mühafizə altında nümayiş olunduğu məkanlardır. Bu baxımdan Şəmkir son illərdə yalnız sürətli sosial-iqtisadi və mədəni inkişafı ilə deyil, həm də tarixi irsin qorunduğu yaraşıqlı Tarix-Diyarşünaslıq Muzeyi ilə diqqəti cəlb edir. Adından da bəlli olduğu kimi, muzeydə Şəmkir və ətraf ərazilərin tarixinə aid arxeoloji, etnoqrafik, numuzimatik maddi-mədəni nümunələr, bir sözlə, unikal eksponatlar nümayiş olunur.

Şəmkir Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Cavanşir Pirverdiyev bildirib ki, ilk dəfə 1971-ci ildə təşkil olunan qurum uzun illər uyğunlaşdırılmış binada fəaliyyət göstərib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq arxeoloji ekspedisiya tərəfindən qədim Şəmkir ərazisində aşkar edilmiş zəngin maddi-mədəni nümunələrin, eləcə də bu illər ərzində toplanmış tarixi eksponatların çoxluğu Şəmkir Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikilməsini zəruri edib. 2017-ci ilin avqust ayında Prezident İlham Əliyev tərəfindən Şəmkir Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilib. Bundan sonra muzey yeni tarixi, mədəni mərkəz kimi fəaliyyət göstərməyə başlayıb.

Hazırda muzeyin fondunda 6 mindən çox arxeoloji, etnoqrafik, numuzimatik və digər tarixi əhəmiyyətli eksponatlar, məişətdə istifadə olunan dulusçuluq, metalişləmə – misgərlik, dəmirçilik əşyaları, eləcə də dekorativ-tətbiqi sənətin ayrı-ayrı sahələrinə aid qiymətli nümunələr mühafizə olunur.

Burada nümayiş etdirilən eksponatlar bu diyarda yaşamış insanların tarixin ilkin inkişaf dövründən başlayaraq sonrakı minilliklər boyu ətraf aləmə münasibətini, məişətini, adət-ənənələrini, dəfn qaydalarını, sosial-mədəni inkişaf səviyyəsini, bir sözlə, dünyagörüşünü maddi nümunələr əsasında öyrənməyə imkan verir.

Muzeyin ekspozisiya zalında qiymətli eksponatlarla yanaşı, 19-cu əsrin əvvəllərində Almaniyadan bu ərazilərə köçürülmüş koloniyaçılar tərəfindən salınmış qəsəbələrin tarixinə aid fotolar, sənədlər və digər maddi-mədəni nümunələr nümayiş olunur.

Lakin muzeyin ekspozisiya zalında nümayiş olunan bütün eksponatlar içərisində üç böyük sütun altlığı özünün unikallığına və tarixi əhəmiyyətinə görə daha çox diqqət cəlb edir. Bu barədə məlumat verən muzeyin direktorunun sözlərinə görə, hər üç sütun altlığı 2007-ci ildən beynəlxalq ekspedisiya (Azərbaycan, Gürcüstan, Almaniya) tərəfindən qədim Şəmkir şəhərinin ərazisində aparılmış arxeoloji qazıntı işləri nəticəsində 2011-ci, 2014-cü və 2015-ci illərdə aşkar olunub. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları və beynəlxalq ekspedisiya üzvləri tərəfindən Kür çayının sahilində, rayonun Qaracəmirli kəndi ərazisində aparılan arxeoloji tədqiqat işləri təxminən 80 hektara yaxın ərazini əhatə edib. Elmi ekspedisiyanın rəhbəri İlyas Babayev tərəfindən aparılan qazıntı işləri nəticəsində ərazidən qədim Şəmkir şəhərinin xarabalıqları, çoxlu sayda tarixi əhəmiyyətli maddi-mədəni nümunələr və üç nəhəng sütun altlığı aşkar olunub. Mütəxəssislərin rəyinə görə, Şəmkir ətrafındakı dağlardan gətirilən və inşaat materialı olaraq ağ daşlardan yonulmuş bu sütun altlıqlarından biri Pasarqad, ikisi isə Persopol tiplidir.

Araşdırmalar nəticəsində məlum olub ki, eramızdan əvvəl 550-ci ildə II Kir tərəfindən əsası qoyulmuş və böyük işğallarla qədim dünyanın ən nəhəng imperiyasına çevrilmiş Əhəmənilərin Cənubi Qafqazı zəbt etdikləri dövrdə Şəmkir imperiya daxilində bölgənin dayaq mərkəzi və siyasi-hərbi qərargahı kimi strateji baxımdan mühüm əhəmiyyətə malik olub.

Məhz qədim şəhər ərazisindən tapılmış bu sütun altlıqları həmin dövrdə bölgədə böyük sarayların tikintisində Əhəmənilər imperiyasının paytaxtı olmuş Pasarqad və Persopoldakı mövcud memarlıq ənənələrinin izləndiyini, xüsusən də hələ 2500 il bundan əvvəl Şəmkirin böyük bir imperiyanın daxilində, Cənubi Qafqazda onun mövcud olmuş siyasi-iqtisadi əhəmiyyətini bir daha təsdiqləyir.

Cavanşir Pirverdiyev qeyd edib ki, ümumiyyətlə, Şəmkir rayonu ərazisində hazırda da davam etdirilən arxeoloji tədqiqat işləri, əldə olunan nəticələr və muzeydə nümayiş etdirilən maddi-mədəni nümunələr, həm bölgədə baş vermiş tarixi inkişaf proseslərinin əsas iştirakçısının azərbaycanlılar olduğunu, həm də Cənubi Qafqazın yerli etnosu kimi tarixi-mədəni irsin əsl sahiblərinin bugünkü Azərbaycan xalqı olduğunu təkzibolunmaz tarixi faktlarla sübut edir.

Mənbə:science.az

Müxbir:TurAz.org xüsusi müxbiri Aytac Cəfərova

Həmçinin bax: https://www.bbc.com/azeri/region-53709456

https://kafkazh.com/neyrotransmitterler/

Translate »