Fevral 3, 2023

Artıq çəkisi olanların nəzərinə: “Qan da piylənmə baş verir…”

“Adətən soruşurlar ki, niyə kişilər əsasən qarından, amma qadınlar çanaq və bud nahiyəsindən kökəlir? Qadınlarda hələ uşaq vaxtı, cinsi inkişaf periodunda olanda estrogenlərin təsirinə görə ikincili cinsi əlamətlər kimi çanaq, süd vəziləri, bud nahiyəsində və s. piy hüceyrələrinin sayı artmış olur. Beləcə qadına məxsus bədən forması əmələ gəlir, kökəldikdə də əlbəttə ilk olaraq həmin nahiyələr böyüyyür. Biraz da çəki aldıqda sözsüz ki, bədənin digər yerləri də piylənir”.

Bunu Turaz.org-a açıqlamasında həkim-anestezioloq Şahin Məmmədov deyib.

Onun sözlərinə görə, bədənin formasının dəyişməsində hormonal proseslər vacib rol oynayır: “Bəzi qadınların qarnı var, amma çanaq və baldırda piy azdır. Bu, onların estrogen hormon səviyyələri ilə birbaşa əlaqəlidir. Məsələn menopauzadan sonra qadınlar da kişilər kimi kökəlir”.

Ekspert sağlam həyat tərzi üçün aralıqlı oruc (intermittent fasting) tövsiyə edib:

“Gün ərzində iki dəfə qidalanmaq lazımdır. Axşam saat 20:00-dan gündüz 12:00-dək bədəni ac saxlamaq vacibdir. Qanda trigliseridləri azaldan qidalar doyma hormonu leptini artırır. Dietik qidalanan insanlar buna görə getdikcə daha tez doyur. Əlbəttə ki, bədən quruluşunun formalaşmasında genetika vacibdir. İnsanın ümumi xarici görünüşü genlərdən asılıdır. Amma testikulyar feminizasiya sindromunda insan genetik olaraq kişi olur, hormonlara görə isə o, kənardan qadından seçilmir. Sinəsi, qadın cinsi orqanı var. Hətta qız bilib ərə verirlər. Uşağı olmur deyə yoxlamadan keçir və məlum olur ki,şəxs əslində kişi imiş. Hormon ikincili cinsi əlamətlərin əmələ gəlməsinin ən vacib səbəbidir”.

Ş.Məmmədov qeyd edib ki, piylənmə təkcə bədəndə yox, qanda da baş verir: “Qanın piylənməsi hiperxolesterinemiya adlanır. Yəni qanda xolesterinin artması. Qanın piylənməsinin nəticəsində damarlar getdikcə tutulur. Bu isə hipertenziya, miokard infarktı, insult və digər problemlərə gətirib çıxarır. Qan piylənməsinin yeganə müalicəsi və profilaktikası düzgün pəhriz saxlamaqdır. Vaxtında müdaxilə edildikdə əlavə dərmanlara ehtiyac qalmır. Qanı piylənmiş insanlar gündə 2 dəfə qidalanmalıdır. Səhər yeməyini günorta 12-yə qədər ləngidin. Axşam yeməyi də 20:00-da bitsin. Bu rejimlə yeməklərin arasında 16 saat müddət əmələ gəlir və bu dövrdə qan piyinin əriməsi üçün şərait yaranır. Bol su içmək vacibdir, çörək istehlakı dayandırılmalıdır”.

ARAŞDIRMAÇI: “Turaz.org” Təhlil Komandası- Ağayeva

Translate »