Fevral 2, 2023

Qarlı havada yola çıxanların nəzərinə: “Ən çox travma alan piyadalardır”

Qarlı-buzlu yollarda təhlükəsiz hərəkət çox önəmlidir. Az qala hamı – dövlət qurumları da, ayrı-ayrı şəxslər də bununla bağlı sürücülərə tövsiyələr verirlər. Amma ötən illərin təcrübəsi göstərir ki, qarlı-buzlu yollarda ən çox əziyyət çəkən, ən çox travma alan piyada hərəkət edənlərdir.

Turaz.org xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynzadə deyib.

Onun sözlərinə görə, hava şəraiti ilə əlaqədar yollarda ən çox əziyyət çəkən məhz piyadalardır. Mütəxəssis piyadalara öz məsləhətlərini verib: “Səkilər bəzən yolun hərəkət hissəsindən tez donur, ona görə də buzlu səkilərlə hərəkət etməyə hazır olmalısınız.

Xeyli küçələrimizin səkilərində sürüşkən döşəmə materiallarından istifadə edilib. Belə yerlərdə çox ehtiyatlı olun, çünki buz olmasa da, yerə azca qar səpələnməsi sürüşmə yaradır.

Piyada keçidlərini, ümumiyyətlə, yolun hərəkət hissəsini çox ehtiyatla keçin, çünki avtomobillər həmişəki kimi tormozlanmır. Çalışın yolun hərəkət hissəsində olmayasınız. Ən xəfif sürətlə və kifayət qədər aralıda olan avtomobil də təhlükəli ola bilər”.

Ə.Hüseynzadə bildirib ki, qarlı havalarda altı sürüşməyən ayaqqabılardan istifadə daha məqsədəuyğundur: “Xüsusi zərurət yoxdursa, yollara çıxmayın. Xüsusən yaşlı insanların küçələrə çıxmaması məsləhətdir.

Əvvəlki illərin statistikası göstərir ki, qarlı-buzlu küçələrimizdə piyada hərəkət edərkən yıxılaraq ciddi travma alan insanların sayı yol-nəqliyyat hadisələrində travma alanların sayından bəzən 5 dəfə çox olur.

Sürücülər yolda piyada görən kimi ehtiyat tədbiri görsünlər, dayanmağa hazır olsunlar. Qarda-buzda piyada da sürətlə yeriyə bilmir, hətta anidən yıxıla da bilər.

Yol təsərrüfatı və kommunal xidmət əməkdaşlarından isə xahişim odur ki, yolları qar-buzdan təmizləyərkən səkiləri unutmasınlar, piyada keçidlərinə xüsusi diqqət yetirsinlər. Əvvəlki illərdə rast gəldiyimiz, qarın hərəkət hissəsindən səkiyə atılması kimi təcrübə çox yanlış və təhlükəlidir. Bunları nəzərə almağı rica edirəm”.

 

ARAŞDIRMAÇI: “Turaz.org” Təhlil Komandası- Ağayeva

Translate »