Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tələbələrlə görüş üçün universitetə tiktoker və blogerləri dəvət edib. Görüntülər sosisal şəbəkədə yayıldıqdan sonra tənqidlərə səbəb olub. Bir çoxları bu addımına görə universiteti qınayıb, təşkilatçıların cəzalandırılmasını tələb edib.
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Turaz.org-a danışıb. Ekspert ali təhsil müəssisəsinin bu addımın onun reputasiyasına təsir etdiyini deyib:
“Hazırda Azərbaycanın 51 ali təhsil müəssisəsində 187 000 tələbə təhsil alır. Bu tələbələrin 18 400-ü İqtisad Universitetinin payına düşür. Etiraf edək ki, son üç il ərzində Azərbaycan Dövlət İqtisad Universiteti tədrisin təşkili qaydalarına , pandemiya dövründə təşkil etdiyi onlayn tədrisə , yoxlama-ölçmə alətlərinin ədalətli tətbiqinə, onlayn kitabxana və digər göstəricilərinə görə kifayət qədər diqqəti cəlb edir. Eyni zamanda universitet bir sıra ciddi beynəlxalq tədbirlər keçirib, konfranslara ev sahibliyi edir. Son ildə həqiqətən də Azərbaycanda davamlı və dayanıqlı iqtisadiyyatın formalaşmasında İqtisad Universitetinin payını görə bilirik. İstər ikili müqavilələrin diplomlarının hazırlanması üçün imzalanan müqavilələr, eyni zamanda, müəllimlərin əmək haqqına verilən fərqli yanaşma çox diqqətimiz cəlb edir. Çox təəssüflər olsun ki, bunun fonunda hər hansı bir elm potensialı olmayan, tələbələrin gələcək karyerasına və həyatındakı inkişafına töhfə verə bilməyəcək şəxslərin universitetdə hər hansı bir tədbirlərə dəvət edilməsi birmənalı şəkildə yolverilməzdir. Hər hansı bir tiktokeri, izləyici sayı çox olan şəxsi dəvət edib tələbələrə bunu təbliğ edirsə, gələcəkdə əmək bazarında ixtisaslı mütəxəssis tapa bilmərik. Bu, ciddi bir məsələdir. Nəzərə alsaq ki, Azərbaycanda pandemiya dövründən sonra qeyri-neft sektorunun inkişafında iqtisadçılara böyük ehtiyac var, eyni zamanda biz dayanıqlı və davamlı iqtisadiyyatın formalaşmasını istəyiriksə, iqtisad universitetdən gözləntilərimiz daha çox olmalıdır. Bu universitet hazırda tələbə sayına görə ölkədə ikinci yerdədir. Hazırda tələbə sayına görə birinci yerdə Bakı Dövlət Universiteti, sonra İqtisad Universiteti, ardınca Pedaqoji Universitet qərarlaşır. Hesab edirəm ki, burada tələbələrin qarşısında hər hansı bir tiktokerin fəaliyyətini müsbət qiymətləndirə bilmərik. Çünki tələbələrin onlardan öyrənə biləcəyi hər hansı bir yenilik yoxdur. Məşhur startapçılar və yaxud hər hansısa bir ciddi gənc tədqiqatçıları və yaxud da biznes adamları iş adamlarını dəvət edib, onların tövsiyələrindən yararlanmaq daha yaxşı olar. Nəinki hər hansısa bir elmi ağırlığı və elmi potensialı olmayan bir tiktokerin, hər hansı bir onlayn platformada izləyici say çox olan şəxsin dəvət edilməsi, hesab edirəm ki, ali təhsil müəssisəsinin adına və fəaliyyətinə uyğun deyil. Ümumiyyətlə, onu ən azından Mədəniyyət və İncəsənət Universiteti eləsəydi yenə başa düşmək olardı. Amma iqtisadi potensialı, mütəxəssisləri formalaşdıran bir universitetin tələbələri tiktokerlərdən nə öyrənəcəklər? Hansı faydalı iş əmsalı onların köməyinə çatacaqdır. Hesab edirəm ki, bu, doğru yanaşma tərzi deyil. Ali təhsil müəssisələri tədrisin təşkilində yaxşı olar ki, mütəxəssisləri cəlb etinlər, dəvət edib görüşlər təşkil eləsinlər, yoxsa bir tiktokerdən bir tələbənin öyrənəcəyi yalnız onun fəaliyyətidir. Mən təbii ki, İqtisad Universitetində görülən işlərin fonunda bunu onlara yaraşdırmadım və hesab edirəm ki, onlar tələbələrlə daha ciddi layihələrin təşkilini həyata keçirməlidirlər. Yaxşı, ciddi görüşlər olmalıdır. Bu, vacib bir məqamdır. Ona görə də ali təhsil müəssisələri dərsdənkənar fəaliyyətini müəyyənləşdirərkən universitetin özünün indeksinə, fəaliyyət qrafikinə uyğun olaraq görüşlər təşkil edərlərsə, bu daha yaxşı olar”.
ARAŞDIRMAÇI: “Turaz.org” Təhlil Komandası- Ağayeva
Son Xəbərlər
Səid Məmmədov: Rəsm çəkməyi, şahmat oynamağı çox sevirəm-MÜSAHİBƏ
Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarı ziyarət edilib
Azərbaycanda Müstəqillik Günüdür