Dekabr 4, 2022

“Açıq havada tək gedirsinizsə, maska taxmaya bilərsiniz”- TƏBİB rəsmisi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) əməkdaşının açıq havada maska taxmamaqla bağlı açıqlamasını təkzib edib

Turaz.org xəbər verir ki, TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva cümə günü REAL TV-yə müsahibəsində deyib ki, “açıq havada əgər tək gedirsinizsə, maska taxmaya bilərsiniz. Elə bir qayda yoxdur”.

O, aparıcının maska taxmağın ciyərlərə təsiri ilə bağlı sualında deyib ki, maska taxmaq “məntiqə əsaslanmalıdır və yanınızda adam yoxdursa, maskasız gəzə bilərsiniz”.

Nəzrin Mustafayeva açıqlamasında Nazirlər Kabinetinin qərarında açıq hava yox, “sosial məkanlarda” maska taxmağın qeyd olunduğunu söyləyib.

“Əgər biz sosial ərazilərdəyiksə, o zaman təbii ki, maska taxmalıyıq. Əgər siz tək gəzirsinizsə və yanınızda adam yoxdursa, maskasız gəzə bilərsiniz. Bu iş məntiqə əsaslanmalıdır. Sırf inzibati qaydadır deyə sizin maska taxmağınıza ehtiyac yoxdur. Elə bir qayda da yoxdur”, – həkim-infeksionist söyləyib.

TƏBİB-in Nəzrin Mustafayevanın adından yaydığı açıqlamada deyilir ki, verilişin aparıcısı bu məsələnin TƏBİB-in səlahiyyətlərinə daxil olmamasını deyərək qərara “həkim kimi mövqeyi” istəyib.

“Mən həkim-İnfeksionist olaraq tibbi cəhətdən bildirmişəm ki, tək gəzərkən insanın virusa yoluxma ehtimalı yoxdur. Amma gəlin razılaşaq ki, tək gəzdiyiniz zaman da hansısa yaxınımızla qarşılaşa və ünsiyyətdə ola bilərik. Odur ki, inzibati qayda tətbiq edilərkən bu və ya digər həyatın bütün situasiyalarını əhatə etmək mümkün olmur. Bu səbəbdən vahid qərar verilir”, – qurum Nəzrin Mustafayevaya istinadən açıqlayıb.

Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, onun səsləndirdikləri fikirlər “yalnız tibbi mülahizədir və TƏBİB-in rəsmi mövqeyi deyil”.

Həkim-infeksionist əlavə edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi hər bir qərara əməl etmək “hər birimizin borcudur”.

Nazirlər Kabinetinin qərarı ilə ötən ilin noyabr ayından açıq havada maska taxmaq məcburi olub. Bu qaydanı pozanlar İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyətə cəlb olunurlar.

Müxbir: Turaz.org xüsusi müxbiri: Aytac Cəfərova

Həmçinin bax:https://turaz.org/monako-klubu-24-illik-ugurlu-gostericisini-tekrarlayib/

Həmçinin bax:https://turaz.org/bir-il-erzinde-kurdemir-asan-xidmet-merkezine-77-minden-cox-muraciet-qeyde-alinib/

Translate »