Dekabr 5, 2022

ADMİU nəzdində Humanitar Kollecdə 8 noyabr “Zəfər günü”nə həsr olunmuş tədbir keçirilib

ADMİU nəzdində Humanitar Kollecdə 8 noyabr “Zəfər günü”nə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu əzəli və əbədi torpaqlarımızı işğaldan azad etdi.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alındı. Kollecimizdə də artıq şanlı qələbəmizin zəfəri, bu günün adı ilə bağlı olan tədbirin hər il təntənəli keçirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Bəli, biz bu günü Elşən, Mais, Rafiq, Hikmət, Şahmar, Əli və onların timsalında bütün şəhid oğullarımıza borcluyuq. Bu qələbənin memarı olan, bizə əvəzi olmayan sevinc hisslərini yaşadan şəhidlərimiz, bizlər üçün daim yaşayacaqlar!

Tədbirdən öncə şəhid ailələri qarşılanıb. Kollecin girişində şəhidlərimizin lövhələri önünə gül dəstələri qoyulub, qəhrəmanlarımız yad edilib.

Əvvəlcə qonaqlar kollecdə Dekorativ tətbiqi sənət ixtisası üzrə təhsil alan tələbələrin zəfər tariximizi rənglərlə ifadə etdiyi təsviri sənət əsərləri ilə tanış olublar.

Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlayıb. Daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik ehtiram sükutu ilə yad edilib.

Tədbir kollecin müəllimləri və tələbələrinin konsert proqramı ilə davam edib. Konsert proqramında kollecimizin müəllimi, Vətən müharibəsində könüllü olaraq döyüşlərə qatılan, 44 günlük Zəfər tarixində Murovdağ, Talış kənd, Suqovuşan, Kəlbəcər istiqamətlərində döyüşmüş və Ali Baş Komandanın sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş Fərid Atazadə Müslüm Maqomayevin “Azərbaycan”, kollecin “Xanəndəlik” ixtisası üzrə 2-ci kurs tələbəsi Rübabə Əkbərova – Cahangir Cahangirov, Rəfiq Zəkanın “Cənnətim Qarabağ”, kollecin müəllim və tələbələrindən ibarət aşıqlar qrupu – “Koroğlu dübeytisi”, “Xanəndəlik” ixtisası üzrə təhsil alan, VIII Muğam Televiziya müsabiqəsinin laureatı Nərgiz Cabbarova – Ramiz Mustafayev, Rəfiq Zəkanın “Bağlıyam”, kollecin qarmon müəllimi Rafael İslamov (Fortepianoda müşayiət) Əliyeva Samirə – Vasif Adığözəlovun “Lay-lay”, kollecin “Xanəndəlik” ixtisası üzrə müəllimi – Yaqut Xəlilzadə və tələbələri – Cabir Novruz, Faiq Sücəddinovun “Vətəndən pay olmayır”, “Xanəndəlik” ixtisası üzrə II kurs tələbəsi İsmixanova Xədicə – Oktay Rəcəbov, Adil Babayevin “Azərbaycanım”, kollecin “Xanəndəlik” ixtisası üzrə müəllimi Həsənov Cabir – “Şuşanın dağları” xalq mahnısını, kamança müəllimi Xanlarov Cahandar “Qarabağ yallısı”, kollecin “Xanəndəlik” ixtisası üzrə təhsil alan II kurs tələbəsi Əzimli Zaur – Tofiq Quliyev, Zeynal Cabbarzadənin “Azərbaycan”, xanəndə, müəllim Yaqut Xəlilzadə – “Çahargah kompozisiyası”, sonda Yaqut Xəlilzadə və tələbələri Aygün Səmədzadə, Kəmalə Abıyevanın “Azərbaycan” mahnılarını ifa ediblər. Bundan əlavə, müəllifi kollecin III kurs bədii yaradıcılıq ixtisası tələbəsi olan Pərviz Qurbanlının “Zəfərin mübarək” şeirini, 1-ci kurs bədii yaradıcılıq ixtisası üzrə təhsil alan tələbəsi, konsertin aparıcısı, Canəli Canəliyev, Bədii yaradıcılıq ixtisası tələbəsi, Hidayət Kərimlinin ifasında isə “Azərbaycan” şeirləri (müəllif: kollecin müəllimi, Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Şəbnəm Nəsibova) səsləndirilib.

Tədbirdə şəhid ailələri, qazilər, sənət adamları, ADMİU -nun müəllimləri, kollecin müəllim və tələbə heyəti iştirak ediblər. Konsert proqramı qonaqlar tərəfindən böyük maraqla və anşlaqla qarşılanıb.

 

Müxbir: Firuzə Məlikzadə

 

Translate »