Noyabr 28, 2022

Ağdamın azadlığa qovuşmasından iki il ötür

Bu gün Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən iki il ötür.

 

Turaz.org xatırladır ki, Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub.

 

Belə ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu ölkəmizin əzəli torpaqlarının azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb. Hərbi əməliyyatlar zamanı uzun illər işğal altında olan torpaqlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən kəndbəkənd, qarışbaqarış azad edilib. Azad olunan hər bir kənd isə növbəti yaşayış məntəqəsindən düşmənin qovulması üçün strateji mövqeyə çevrilib.

 

Azərbaycan Ordusunun hər gün qələbə qazanması işğalçı dövlətin həm ordusunda, həm də əhalisi arasında böyük qorxu yaradıb. Bununla da təşvişə düşən erməni hərbçiləri döyüş meydanından və ya ordudan qaçmaqla canlarını qurtarmağa çalışıblar. Azərbaycanın işğal olunmuş torpaqlarının böyük hissəsi 44 günlük döyüşlər nəticəsində azadlığına qovuşub.

 

Həmin ilin noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində olublar. Dövlət başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırıb.

 

Hazırda Ağdamda bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, şəhər dirçəldilir. Belə ki, Vətən müharibəsindən sonra rayon ərazisində infrastrukturun bərpasına və yenidənqurma işlərinə başlanılıb. Ötən müddət ərzində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Ağdamda səfərdə olublar. Rayonda bir çox tədbirlərdə və yeni-yeni bir çox açılış mərasimlərində iştirak ediblər. İndi yenidən qurulmaqda olan şəhər özünün əzəli sakinlərinin – ağdamlıların yolunu gözləyir.

 

Xatırladaq ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Qarabağın mərkəzində yerləşən Ağdamın 846,8 kv. km-i, yəni 77,4%-i, 1 şəhər və 80 kəndi ermənilərin əlinə keçmişdi. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qalmışdı. Bütövlükdə, rayonun işğal olunmuş ərazisində bütün tikililər – Azərbaycanın tarixi, mədəni, dini və milli abidələri dağıdılıb və ya yerlə-yeksan edilib. Ağdam düşmənlə döyüşlərdə 6 000 şəhid verib, onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır.

 

 

Müxbir: Əzizə Əlizadə

Həmçinin  bax: https://turaz.org/az%c9%99rbaycan-israilde-sefirlik-acir-dosta-sevinc-dusmene-goz-dagi/

Translate »