Dekabr 9, 2021

Agentlik sədri: “200 min şəxsin əlilliyinin ləğv edilməsi barədə məlumatlar yalandır”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi sosial şəbəkələrdə 200 min şəxsin əlilliyinin ləğv edilməsi və pensiyalarının kəsilməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

Turaz.org xəbər verir ki, agentliyin sədri Anar Bayramov keçirdiyi brifinqdə heç bir rəsmi məlumata istinad edilmədən yayılan məlumatların tamamilə əsassız, yanlış ictimai rəy yaratmağa yönələn fikirlər olduğunu vurğulayıb.

O qeyd edib ki, əlillik təyinatlarının şəffaflaşdırılması tədbirlərini gözdən salmağa, həssas qrupların adından manipulyasiya edərək onlarda aidiyyəti quruma qarşı inamsızlıq yaratmağa xidmət edən bu fikirlər tamamilə yalandır: “Əlilliyə görə sosial ödənişin kəsilməsi heç bir halda baş verməyib və hazırda da belə hal mövcud deyil. Həmin sosial ödənişlər əlillik müddəti ərzində verilir və əlillik müddəti bitdikdə həmin sosial ödənişin təyinat müddəti də bitmiş olur. Ona görə də əlilliyi olan şəxs əgər onun əlilliyi müddətlidirsə, əlillik müddətinin nə zaman bitdiyini bilməli və göndərişin həmin vaxtdan e-sistemə daxil edilməsi üçün lazımi tbbi sənədlərini vaxtında toplamalıdır”.

Sədrin sözlərinə görə, bəzən şəxs əlilliyinin təkrar qiymətləndirilməsi, yəni əlillik müddətinin uzadılması üçün müraciətin edilməsində, sənədlərin toplanmasında müəyyən gecikmələrə yol verir, göndəriş də əlilliyin bitdiyi vaxtdan sonra gec daxil olur: “Belə hallar nəzərə alınaraq humanist yanaşma məqsədilə bu ilin iyul ayında əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericilikdə dəyişiklik edilib və beləliklə, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində təkrar təyin olunan əlillik məhz əvvəlki əlillik təyinatı müddəti bitdiyi tarixdən rəsmiləşir. Yəni ortada ötürülmüş müddət üçün də şəxs əlilliyə görə sosial ödənişlərini ala bilir”.

“Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də əlilliyin hansı xəstəlik və xəsarət hallarında təyin edildiyi aydın şəkildə göstərilib. Əliliyin qiymətləndirilməsi bu Əsasnamənin tələbləri əsasında aparılır. Anadangəlmə, xəstəlikdən, yaxud xəsarətdən yaranan əqli, fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması müşahidə olunduqda əlillik təyinatına dair qərar çıxarılır. Amputasiya olunmuş şəxslərin guya təkrar müayinə edildiyi barədə bəzən əsassız fikirlər səslənir. Amputasiya olunan, məsələn, əli, ayağı və ya hər hansı bədən əzası olmayan şəxslərə əlillik müddətsiz (ömürlük) təyin olunur və heç zaman da müayinəyə çağırılmırlar”, – A.Bayramov əlavə edib.

Müxbir: Əzizə Əlizadə

Translate »