Yanvar 26, 2022

AİB Qırğızıstanda akkumulyatorlu elektrik avtobusu layihəsini təsdiqləyib

AİB Qırğızıstanda 51 milyon dollarlıq akkumulyatorlu elektrik avtobusu layihəsini təsdiqləyib.

Turaz.org xəbər verir ki, Asiya İnkişaf Bankı (AİB) Qırğızıstan Respublikasına akkumulyatorlu elektrik avtobusları almağa və ölkənin paytaxtı Bişkekdə nəqliyyat infrastrukturunu yaxşılaşdırmağa, bununla da havanın keyfiyyətini yaxşılaşdırmağa, karbon emissiyalarını azaltmağa və nəqliyyat sıxlığını azaltmağa kömək etmək üçün 50,65 milyon ABŞ dolları məbləğində paketi təsdiqləyib.

25 milyon ABŞ dolları kredit, 25 milyon ABŞ dolları qrant və Yüksək Səviyyəli Texnologiya Fondundan 650000 ABŞ dolları birgə maliyyələşdirmədən ibarət olan Şəhər Nəqliyyatının Elektrikləşdirilməsi Layihəsi köhnəlmiş dizel yanacağını əvəz edəcək 120 müasir, akkumulyatorlu elektrik avtobusu və trolleybusların alınmasını maliyyələşdirəcək. Layihə həmçinin iki trolleybus deposunun infrastrukturunu təkmilləşdirəcək və avtobusların sürətini artırmaq və Bişkek şəhər mərkəzində ictimai nəqliyyatın xidmət etibarlılığını artırmaq üçün 3,5 kilometr uzunluğunda yaşıl hərəkətlilik pilot dəhlizinin yaradılmasını nəzərdə tutur.

Nəqliyyat sektoru Bişkekdə havanın çirklənməsinə böyük təsir göstərir. Şəhər sərnişin avtomobillərinin və mikroavtobusların sayının artması son illər Bişkekdə havanın keyfiyyətinin əhəmiyyətli dərəcədə pisləşməsinə səbəb olub. Bərpa olunan enerji potensialının böyük olmasına baxmayaraq, Qırğızıstan Respublikası nəqliyyat üçün idxal olunan qalıq yanacağa əsaslanır, milli istixana qazı emissiyalarının 28%-i nəqliyyat sektorunun payına düşür.

AİB-in Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Yevgeni Jukov deyib: “AİB havanın keyfiyyətinin yaxşılaşdırılması, enerji təhlükəsizliyinin artırılması, nəqliyyat sıxlığının aradan qaldırılması və ölkəyə Paris Sazişinə uyğun olaraq milli səviyyədə müəyyən edilmiş töhfələrin yerinə yetirilməsinə kömək etmək üçün Qırğızıstan Respublikasına dəstək verməyə hazırdır. AİB-in 2030-cu il Strategiyasına uyğun olaraq, layihə hökumətə ekoloji cəhətdən təmiz nəqliyyat növlərinə keçidi özünün əsas siyasət prioritetlərindən biri elan edən 2018-2040-cı illər üzrə Milli İnkişaf Strategiyasını həyata keçirməyə kömək edəcək”.

Elektrikli avtobuslar əlillər və yaşlı sərnişinlər, eləcə də uşaqlı qadınlar üçün istifadəyə veriləcək. Onlar kameralar və panik düymələri kimi təhlükəsizlik funksiyaları ilə təchiz olunacaqlar. AİB həmçinin əməliyyat səmərəliliyinin, maliyyə dayanıqlığının artırılmasına və avtobus sürücülərinin bilik və bacarıqlarının inkişafına kömək etməklə Bişkekdə avtobus əməliyyatlarını təkmilləşdirəcək.

AİB-in Enerji Mütəxəssisi Yohannes Vogel belə qeyd edib: “Bu layihə Qırğızıstan Respublikasının nəqliyyat sektorunun uzunmüddətli elektrikləşdirilməsinə doğru ilk addımdır. AİB ölkədə elektromobillərin inkişafını daha da genişləndirmək və özəl sektorun iştirakı üçün imkanlar açmaq üçün hökumətlə sıx əməkdaşlıq edir.”

1994-cü ildə Qırğızıstan Respublikası AİB-ə qoşulandan bəri bank 1,3 milyard ABŞ dollarından çox kredit, 811 milyon ABŞ dolları qrant və 69 milyon dollar texniki yardım ayırıb. AİB-in ölkədəki əməliyyatları inklüziv inkişafın və iqtisadiyyatın şaxələndirilməsinin dəstəklənməsinə, dövlət və sosial xidmətlərə çıxışın yaxşılaşdırılmasına, regional əməkdaşlıq və inteqrasiyadan istifadəyə yönəlib.

AİB ifrat yoxsulluğun aradan qaldırılması üçün səylərini davam etdirərkən, firavan, əhatəli, davamlı Asiya və Sakit Okean regionuna nail olmaq öhdəliyinə sadiqdir. O, 1966-cı ildə yaradılıb və 49-u regiondan olmaqla 68 üzvə məxsusdur.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/qirgizistan-ve-cenubi-koreya-muxtelif-sahelerde-bir-sira-birge-layiheleri-nezerden-kecirecek
Həmçinin bax: kafkazh.com/susa-azerbaycanin-tacidir

Translate »