Oktyabr 5, 2022

Aleksandr Lukaşenko etirazlar barədə danışdı

Aleksandr Lukaşenko etirazlar barədə: “Rusiyanın daha çox reaksiya verməsini istəyirsiniz? Ancaq mən istəmirəm”

Bazar ertəsi günü Belarusun paytaxtı Minskdə minlərlə insanın toplaşdığı etiraz aksiyaları davam edib.

Yenidən Prezident seçilmiş Aleksandr Lukaşenko deyib ki, o, müxalifətə seçkidəki səslərin yenidən sayılmasını təklif etsə də, imtina cavabı alıb. Bundan əvvəl Svetlana Tixanovskayanın qərargahı “bütün əsl bülletenlər məhv edildiyi üçün” səslərin yenidən sayılmasının “mənasız” olduğunu bildirmişdi.

Lukaşenkonun baş çəkdiyi fabrikdə üç nəfərin saxlanıldığı deyilir. Dövlət televiziyasının yaydığı məlumatda onların Lukaşenkoya qarşı “təxribat hazırladığı” iddia olunur. Bu təxribat isə fabrikdə “insanlara nə qışqırmağı öyrətmək” olub.
Aleksandr Lukaşenko: “Rusiyanın daha çox reaksiya verməsini istəyirsiniz? Ancaq mən istəmirəm”
“Belarus 1” kanalı Aleksandr Lukaşenkonun Minskdə getdiyi fabrikdəki çıxışından görüntülər verib.

O, Rusiyanın Belarusdakı hadisələrə reaksiya ehtimalından danışıb.

“Bu seçkiləri, onların nəticələrini yenidən gözdən keçirməyəcəyik. Çünki bu tələb nə sizin, nə işçilərin tələbi deyil. Bu, yuxarıdan gələn tələbdir. Siz hələ Rusiya ilə Qərb arasında bir sanitariya kordonu yaratmağın lazım olduğunu nümayiş etdirmək üçün Vilnüsdən Kiyevə bir neştər kimi qoyulacaqsınız. Hesab edin ki, Rusiyaya qarşı. Siz bəyəm Rusiyanın daha çox reaksiya verməsini istəyirsiniz? Ancaq mən istəmirəm,” – Lukaşenko çıxışında deyib.
Bazar ertəsi bir çox insan müvəqqəti saxlanma yerlərinin qarşısına toplaşaraq saxlanılanların sərbəst buraxılmasını tələb edib.
Piket iştirakçılarının görüntülərini yayımladığına görə, Jodinskiy telekanalının direktoru Elşad Əkbərov işdən çıxarılıb, İnterfaks bildirib.
Lukaşenko görüşə getdiyi fabrikdə “Çıx get!” şüarı ilə qarşılanıb
Belarus prezidenti Aleksandr Lukaşenko mübahisəli prezident seçkisindən sonra baş çəkdiyi bir fabrikin işçiləri tərəfindən etirazla qarşılanıb.
Keçmiş sovet dövlətinin 26 illik prerzidenti seçki bülletenlərinin saxtalaşdırılması iddialarından sonra yeni səsverməyə icazə verməyəcəyinə israr edərkən işçilər ona “Çıx get!” şüarını səsləndirib və onu uğultu ilə qarşılayıblar.

Tətil hərəkəti dövlət televiziyasına da yayılıb, heyət bazar ertəsi günü işi tərk edib.
Müxalifət namizədi Svetlana Tixanovskaya müvəqqəti lider kimi fəaliyyət göstərə biləcəyini təklif edib.
Polisin müxalifət tərəfdarlarına qarşı zorakılığı, həmçinin avqustun 9-da baş tutan səsvermədə saxtakarlıq iddiaları bazar günü paytaxt Minskdə böyük etiraz mitinqinə səbəb olub.


Lukaşenko 1994-cü ildən bəri Belarusa rəhbərlik edir və enerji tədarükünə çox güvəndiyi qonşu Rusiya ilə sıx münasibətlərini davam etdirir.


Böyük Britaniya Belarusda keçirilmiş prezident seçkisinin nəticələrini tanımır.
Ölkənin xarici işlər naziri Dominic Raab bazar günü bildirib ki, Britaniya bu nəticələri qəbul etmir, Reuters xəbər verir.
O, Belarusda Aleksandr Lukaşenkonun yenidən seçilməsini “saxta” adlandırıb və bildirib ki, beynəlxalq partnyorları ilə buna cavabdeh olan şəxsləri məsuliyyətə cəlb etmək üçün sanksiyalar üzərində işləyəcəklər.
“Bütün dünya Belarus hakimiyyətinin dinc aksiyaçılara göstərdiyi təzyiqi dəhşət içində izlədi”, – Dominic Raab bildirib.


Mənbə:bbc.com/azeri
Müxbir:Aytac Cəfərova

Həmçinin bax:https://kafkazh.com/molla-nesreddin-ziyasi/

Həmçinin bax: https://turaz.org/ispaniyada-anti-kollektivler-boyuyur/

Translate »