Oktyabr 4, 2022

Ali təhsil almaq şərtdirmi?

Günümüzdə ali təhsil almağa meyil çoxalır. Əksər valideynlər övladlarının ali təhsil almasına çalışır. Çünki bəziləri düşünürlər ki, ali təhsil mütləqdir, ali təhsil olmasa, insan gələcəkdə pis vəziyyətdə yaşayar, hörmətsiz, nüfuzsuz olar. Lakin cəmiyyətdə nüfuzlu olmaq, layiqli yer tutmaq sadəcə ali təhsil almaqla olmur.

Bəs hər kəsin ali təhsil alması şərtdir?

Araşdırmaya görə, hər kəs ali təhsil almaq, diplom almaq məcburiyyətində deyil. Cəmiyyətdə layiqli yer, nüfuz, hörmət qazanmaq üçün ali təhsil, diplom vacib şərt deyil. Daha yaxşı gələcək üçün, karyera üçün, ən yaxşısını etmək üçün, əlbəttə, ali təhsil vacibdir. Amma bilmək lazımdır ki, sadəcə 4 il universitetə gedib gələrək, özünü inkişaf etdirmədən alınan ali təhsilin və çaydanlıqaltı diplomun heç bir mənası yoxdur. Bu şəkildə ali təhsil almaqdansa, insan sevdiyi peşə üzrə təhsil almadan da çalışa bilər. İnsan ali təhsil almadan elə bir gözəl peşə, sənət sahibi ola bilər ki, bir çox diplomlulardan daha çox hörmət sahibi olar.

İnsanın ali təhsilli və ya təhsilsiz olması önəmli deyil, önəmli olan insanın öz üzərində işləməsi, özünü inkişaf etdirməsi və cəmiyyətdə öz yerini layiqli şəkildə tuta bilməsidir. Ali təhsil alıb heç bir işə yaramayan insanların, olduğu kimi, diplomu olmadan bacarığı sayəsində çox gözəl peşə sahibi olan insanlar da var. Həmçinin ali təhsil almadan peşə sahibi olan insan ali təhsilli, diplomlu birindən daha çox qazana bilər. Çünki əsas olan çox çalışıb özünü inkişaf etdirə bilməkdir.

Odur ki, övladlarınızı məcburi ali təhsilli, diplomlu etməkdənsə, öz sevdikləri peşə ilə çalışmalarına şərait yaradın. Ali təhsil almaq gözəldir, onu gözəlləşdirən sizin özünüzü inkişaf etdirmənizdir. Diplomu bir kağız parçasından fərqləndirən sizin ona qatdığınız çalışqanlıq, zəhmətdir. Önəmli olan sizin özünüzə uyğun işdə sevərək çalışmaq və cəmiyyətdə hörmətlə öz yerinizi tutmaqdır.

Yazar: Məryəm Məmmədova 

Turaz.org

Translate »