Noyabr 29, 2022
park

Ankarada Çingiz Aytmatov adına park açılıb

 

2022-ci il oktyabrın 8-də Ankarada böyük yazıçı, diplomat və ictimai xadim Çingiz Aytmatovun adını daşıyan parkın açılışı olub.

Turaz.org Qırğızıstan Xarici İşlər Nazirliyinə istinadən bildirir ki, parkda yazıçının büstü qoyulub, postamentin üzərində Aytmatovdan sitat yazılıb: “İnsan üçün ən çətin iş hər gün İnsan olmaqdır”.
Səfir Qubanıçbəy Omuraliyev və Çanqaya bələdiyyəsinin meri Alper Taşdələn görkəmli yazıçının adını daşıyan parkın açılışı münasibətilə təbriklərini çatdırıblar. Qubanıçbəy Omuraliev öz çıxışında qeyd edib ki, Türkiyə paytaxtında Aytmatovun şərəfinə parkın açılışı və orada büstün qoyulması yazıçıya və onun xatirəsinə dərin ehtiramın bariz təsdiqi olmaqla yanaşı, həm də Qırğızıstan və Türkiyə xalqlarının qardaşlıq münasibətlərinin qüdrətini özündə əks etdirir. O, Çingiz Aytmatovun təkcə qırğız xalqı üçün deyil, bütün türk dünyası üçün fundamental şəxsiyyət olduğunu vurğulayıb.

Çanqaya bələdiyyəsinin meri Alper Taşdələn çıxışında Çingiz Aytmatov şəxsiyyətinin onun əsərləri və onların uyğunlaşdırılması ilə yetişən bütün Türkiyə vətəndaşları nəsli üçün əhəmiyyətini qeyd edib. O, böyük qırğız yazıçısının adının hazırda Ankaranın Çankaya bələdiyyəsi ilə hallanmasından sevinc və qürur duyduğunu bildirib. Açılış mərasimində xarici dövlətlərin Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri və nümayəndələri, nazirlik və idarələrin, ictimai təşkilatların, elmi dairələrin, biznes strukturlarının, KİV nümayəndələri, həmçinin Ankarada yaşayan Qırğızıstan vətəndaşları iştirak ediblər.

Translate »