Fevral 7, 2023

“Apple” şirkətinin Azərbaycandakı rəsmi təmsilçisi Rauf Süleymanlı ilə müsahibə

Zaman keçdikcə  Azərbaycanı tərk edib öz fəaliyyətlərinə xaricdə davam etmək qərarı  verən İT mütəxəssislərimizin sayı artır. 29 yaşlı gənc mütəxəssis Rauf Süleymanlı bugün mövcud olan problemlərdən və həlli yollarından danışıb.

 TurAz.org müsahibəni təqdim edir.

İT sahəsinə maraq necə yarandı və bu sahədə peşəkar kadr olmağınıza səbəb olan əsas amillər hansılardır?

 10-11 ci sinifdə oxuyarkən bu maraq yaranmağa başlamışdı. Məlum olduğu kimi, həmin dövrlərdə universitet seçimi və gələcək karyera planlaması başlayır. Bazar iqtisadiyyatı və müasir dövrün tələbləri 12 il bundan öncə də İT sahəsinin daha çox inkişaf edəcəyini və güclü sahələrdən olacağını göstərirdi. Eyni zamanda həmin vaxtlar mənim bu sahəyə marağımın və daxildən gələn bir istəyimin olduğunu başa düşürdüm. Bu istək mənə gələcəkdə peşəkar kadr olmağım üçün başlıca səbəb kimi gəlirdi. Ona görə də seçimimin doğru olacağına əmin idim.

Necə düşünürsünüz, bir İT mütəxəssisi olmaq istəyən şəxs hardan başlamalıdır?

Təcrübə göstərir ki, valideyn təkidi ilə bu sahəni seçmək istəyən şəxsin addımı uğursuz olur. Çünki İT sahəsinə maraq içdən gəlməlidir və bu sahədə istedadın olmalıdır. Marağı olan şəxsə tövsiyəm orta məktəbdən proqramlaşdırma sahəsinə uyğun alqoritmlər öyrədən oyun tipli dərslərdən istifadə edərək təməl biliklərini formalaşdırsınlar. Həmçinin bu sahədə istedadlarının olub olmadıqlarını aydınlaşdırarlar. Elecə də növbəti illərdə video dərslərdən istifadə edə bilərlər. Bəlli səviyyədə biliyə sahib olduqdan sonra universitetdə və ya kurslarda bu biliyi daha da genişləndirə bilərlər.

Azərbaycanda gənclər peşə seçimi edərkən daha çox müəllim, həkim olmaq istəyirlər. İT inkişafı ilə əlaqədar yaxın 5 ildə peşə seçimində dəyişiklik olacağını düşünürsünüz?

Bütün sahələr vacibdir və savadlı kadrlara ölkəmizin ehtiyacı var. Yalnız onu deyə bilərəm ki,  İT artıq dünyada bütün  sahələrə inteqrasiya edib və böyük rol oynayır. Düşünürəm ki, bu peşə özü bir gələcəkdir. Hələ uzun illər bazar iqtisadiyyatının əvəz olunmaz parçası olacaqdır. 

Son zamanlarda gənclərimizin İT sahəsinə marağı artıb. Sizcə ölkə universitetlərində İT sahəsində verilən təhsil bu sahədə tam ixtisaslaşmış kadr hazırlamaq üçün kifayət edir, yoxsa, gənclərimiz bu sahənin peşəkarı olmaq üçün mütləq xarici universitetlərə üz tutmalıdır?

İlk olaraq onu deyim ki, universitetlərin bu sahəni tədris etməsi üçün savadlı müəllim kadrlarla yanaşı güclü maddi texniki bazası da olmalıdır. Çünki İT sahəsinin xüsusilə proqramlaşdırma dillərinin tədrisi üçün kompüter lazımdır. Çox təəssüf ki, Azərbaycan bir çox universitetlərdə bu sahəni tədris edən zaman ənənəvi tədris üsulları olan lövhə və dəftərdən istifadə edilir. Bu da tələbələrdə bu sahəyə olan marağı azaldır və məzun olduğu zaman istədiyi perspektivli şirkətlərdə işləmək üçün lazım olan biliyə sahib olmurlar. İşlədiyim Bakı Mühəndislik Universitetində İT sahəsinin tədrisi kifayət qədər inkişaf edib. Tədris kompüter laboratoriyalarında olur. Kompüter Mühəndisliyi eləcə də İnformasiya Texnologiyaları ixtisasının tələbələri hələ tələbə ikən iş həyatına qazandıqları biliklərlə daxil olurlar.

İT sahəsində gəncləri məlumatlandırmaq və onlara bu yolda dəstək olmaq üçün hər hansı bir layihə təşkil etməyi düşünürsünüz?

Düşüncələr çoxdur sadəcə yaxşı təşkilatçı lazımdır bu işə. Amma mən etdiklərimi deyim. Hər il məktəb şagirdləri ilə birgə İT sahəsi ilə bağlı lahiyə hazırlayıb yarışlarda iştirak edirik. Eləcə də həm univeristet tələbələri, həm də məktəb şagirdləri üçün keçirilən yerli və beynəlxalq proqramlaşdırma olimpiadalarının təşkilində aparıcı qüvvə kimi yaxından iştirak edirəm.

Sizcə İT sahəsində xarici  mütəxəssislərə ehtiyac varmı ?

Bəli var. Yalnlız şirkət gərək yerli əməkdaşlardan kimlərisə onların yanında işlətsinlər. Əcnəbi işçilərin müqaviləsi bitdikdən sonra şirkət işçiləri çıxan problemi həll edə bilmirlər. Ona görə işin başından yanlarında olub öyrənmək lazımdır. İT sahəsini əcnəbi ölkə vətəndaşlarına həvalə etmək isə ağılsızlıq olar.

Mart ayından etibarən dünyada, eləcə də ölkəmizdə karantin rejimi davam edir. Bu müddətdə bir çox sahələrdə onlayn sistemə keçirildi. Bir sıra narazılıqlar ilə qarşılaşdıq, və bu da ölkədə bu sahədə olan boşluqları göz önünə gətirdi. Sizcə problemleri necə aradan qaldırmaq olar?

Qeyd etmək istərdim ki, narazı olan sahələri  anlamaq olar. Çünki çox təəssüf ki, bir çox şirkətin İT sahəsindən istifadəni təmin edən maddi texniki bazası və əməkdaşları mövcud deyil. Bunu da nəzərə almaq lazımdır ki, yaranan pandemiya şəraiti nəinki Azərbaycan üçün eləcə dünya üçün gözlənilməz oldu. Lakin bu vəziyyətdən daha öncədən İT sahəsinə inteqrasiya etmiş şirkətlər çətinlik çəkmədən çıxdılar. Buna görə də şirkət və müəssisələrə tövsiyəm ən qısa zamanda bütün işlərini İT-yə inteqrasiya etmələridir.

Bildiyimiz qədərilə bir neçə xarici ölkədə  İT üzrə təlimlər, seminarlar, dərslər keçmisiniz. İstərdim ki mənimlə təəssüratlarınızı bölüşəsiniz. Bu sahədə aramızda ki, fərq nə qədər böyükdür?

Mən Azərbaycan üzrə “Apple” şirkətinin rəsmi təlimçisiyəm. Bir çox ölkədə “Apple” şirkətinin təşkil etdiyi təlimlərdə həm təlimçi kimi, həm də iştirakçı kimi iştirak etmişəm. Eləcə də, işlədiyim universitet tərəfindən bir çox ölkəyə təlim üçün ezamiyyəyə göndərilirəm. Ezamiyyədən qayıtdıqdan sonra universitet əməkdaşlarına orda qazandığım bilikləri və yenilikləri paylaşıram. Düzdür, fərqlər mövcuddur. Lakin universitet, şirkət və müəssisə rəhbərləri savadlı kadrlarını xaricdə təşkil olunan təlimlərə cəlb etməklə, eləcə də, xaricdən təlimçilər dəvət etməklə yaxın gələcəkdə mövcud olan fərqi aradan qaldırmaq olar. Buna imkanı olmayan şirkət və müəssisələr ən azından xaricdə təlim görmüş yerli kadrları təlim verməyə dəvət edə bilərlər.

Son olaraq gənclərimizdən gözləntiləriniz nədir və bu sahədə uğurlu bir mütəxəssis olaraq onlara nə kimi tövsiyələr verə bilərsiniz?

Gənclərimizə tövsiyəm bu sahəyə olan marağınızı gizlətməyin özünüzü inkişaf etdirin. Online və əyani təlimlərdə iştirak edin. Çünki  İT sahəsində demək olar ki hər gün yeniliklər olur. Ən əsası, daima öz üzərinizdə çalışın, çətinliklər qarşısında həvəsdən düşməyin və daxilinizdən gələn həvəsə və gücə inanın.

Nərmin Məcidli

Həmçinin bax :https://kafkazh.com/informasiya-texnalogiyalari-ixtisasi-nedir/ https://turaz.org/yaponiyanin-skydrive-sirketi-ucan-avtomobilin-sinaqlarini-kiv-numayendelerine-teqdim-edib/

Translate »