Oktyabr 1, 2022

Artan intiharlar. Səbəblər nədir? – ARAŞDIRMA

Günümüzə nəzər yetirsək, yaşam tərzi çox dəyişmişdir. Keçmiş və indiki dövr deyilən bir keçid var ki, burada generasiya getdikcə inkişaf edir, zaman-zaman formalaşır, gözəlliyi və çətinliyi ilə yaşama öz təsirini göstərir. Bu zaman kəsiyi içərsində insanların dəyərləri artır, fərdi yaşam ünsürü ortaya çıxır. 20 il öncədən fərqli olaraq, indiki cəmiyyətin düşüncə tərzi telefon, televizor, tabletə (qısaca ttt) yönəlmişdir. Həmçinin bu insanların tərzlərini dəyişir və inkişaf etdirir. Bu da öz növbəsində ünsiyyətin formalaşmasına imkan yaradır. Beləliklə, bu qənaətə gəlmək olar ki, hər şeyin başında düzgün ünsiyyət dayanır.

Ünsiyyət cəmiyyətdə formalaşır. Cəmiyyətdən öncə isə doğulduğumuz andan valideynlərimiz bizim dünyamız olur. 0-7 yaşa qədər hər şeyi tərəddüdsüz qəbul edirik. 6-7 yaşda məktəbə – cəmiyyətə girdiyimiz üçün sosiallaşmağa başlayırıq. 7 yaşdan sonra artıq inkarlar, öz xarakterini göstərmələr, öz qərarlarını vermək kimi siqnallar başlayır. Görkəmli pedaqoq Con Lokka görə, əmək tərbiyəsi zəruridir. Çünki o, uşağı pis adətlərdən uzaqlaşdırır, habelə onu işgüzar gələcəyə hazırlaşdırır. O, buna görə “Ağ lövhə” nəzəriyyəsini irəli sürmüşdür. Onun fikrincə, uşaq doğularkən beyni ağ lövhə kimi təmiz olur. Sonra ətraf aləm tədricən ona təsir edir və xarakteri formalaşır. Cəmiyyətdə hər bir şəxs fərd olaraq böyüyür. Müəyyən bir yaş dövrünə çatana qədər və çatdıqdan sonra bir çox şəxslər və hadisələr həyatlarında iz qoyur. Bunu pis və ya yaxşı mənada düşünmək olar. Yaxşı tərəfinə nəzər salsaq, həyatının müsbət yöndə inkişafına zəmin yaradır. Pis hadisələr isə insanların həyatında geridönülməz və travmatik bir yol açır. Bəzən də intihara gətirib çıxarır.

İntihar – insanın özünü bilə-bilə öldürməsidir. Bəzi psixoloqlar intiharın səbəbi kimi əqli çatışmazlıq və psixoloji xəstəlikləri göstərsələr də, bu doğru deyil. Belə ki, intihar insanın şüurlu şəkildə özünə qəsd etməsinə deyilir. Özünə qəsd edən insanın əqli yerində olmasa, bunu intihar adlandırmaq olmaz.

Dövrümüzün aktual məsələlərindən biri də intiharlardır. Bəziləri bunu ailə basqısı ilə, bəziləri ətraf mühit ilə əlaqələndirir, bəziləri isə özlüyündə yaşamı sorğulayır, öz mənəvi dünyasına sığa bilmir. Bu situasiyadan belə bir sual doğur: bunun səbəbi gündəlik həyat və ya yaş dövrü ilə əlaqəlidirmi? Bəs bunun çıxış yolu intihardırmı?

Suallarımıza psixoloq Ruqiyyə Əliyevanın nitqi ilə cavab tapaq:

“İnsanların çarəsizlik hissi, özünü tapa bilməmək və “nəyə görə varam, artıq yaşamamalıyam” duyğusu, özlərinə bələd olmamaqdandır və yaxud qarşılarına qoyduqları sərhədləri aşa bilməmək, onlara riayət edə bilməməkdəndir. İntiharın özünün ən böyük formatı “mən burdayam” qışqırığıdır ki, psixologiyasi pozulan insan artq bunu düşünə bilmir, heç olmasa son anda onu görmələrini və başa düşülmələrini istəyir”.

Son zamanlarda abituriyentler arasında intihar hadisələrinə tez-tez rast gəlirik. Bunun səbəbləri isə evdəki anlaşılmazlıq səbəbindən olur. Valideyn uşağın qarşısına müəyyən tələblər qoyur, gələcək planlarla bağlı onları sıxır. Bu zaman uşağın beynində belə bir düşüncə meydana çıxır ki, “valideynin dediyi mənim üçün qanundur və mən buna əməl etməliyəm”. Digər tərəfdən də yeniyetmələr arasında olan rəqabət hissi də təsir göstərən amillərdən biridir. Hər nə olmasına baxmayaraq, valideyn hər zaman övladının yanında durmalı ona varlığını hiss etdirib, motivasiya verməlidir.

Digər aspektdən baxsaq, qadın azadlığı, işsizlik, ölkənin iqtisadi vəziyyətinin yaxşı olmaması və s. bəzilərini intihara sürükləyir. Sadəcə gənc nəsil deyil, yetkin və yaşa dolmuş insanlar belə artıq o dərəcəyə çatır ki, çıxış yolunu intiharda görür.

Respublikamızda da intihar hallarının sayı artmaqdadır. İntihar faktlarının dəqiq statistikası aparılmasa da, mətbuat orqanlarında az qala hər gün bir neçə nəfərin intihar etməsi barədə məlumatlar oxuyuruq. Sağlam cəmiyyət, sağlam düşüncələr üçün bu cür halların baş veməsinin qarşısını maksimum almalıyıq.

Araşdırmaçı: “Turaz.org” Təhlil Komandası – Sara Gənciyeva

Translate »