Dekabr 8, 2022

Ayıbını görməyən AYB: “Yazıçılar birliyindən heç bir gözləntim yoxdur” – Qələm sahiblərindən sərt tənqid

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayı keçirildi. 84 yaşlı xalq yazıçısı Anar Rzayev yenidən birliyə sədr seçildi. Lakin onun sədrliyi cəmiyyətdə bir çoxları üçün birmənalı qarşılanmadı, tənqid dolu müzakirələrə səbəb oldu.

Anar sədr seçildikdən sonra mətbuata açıqlamasında qərəzli mövqeyini nümayiş etdirib, “mətbuatın zəhərini udub, 5 il də sədrlik edəcəm” ifadəsini işlətdi. Bununla yanaşı AYB üzvü, xalq yazıçısı Çingiz Abdullayev jurnalistin qurultaya ayrılan vəsaitin hara xərclənməsi sualına cavab olaraq onu təhqir etdi.

AYB-nin ayıblarına mövqe öyrənmək üçün Turaz.org qələm əhlinə üz tutdu.

Yazçı, ssenarist Cəlil Cavanşir Çingiz Abdullayevin media nümayəndəsinə qarşı hərəkətini tərbiyəsizlik adlandırıb: “Bunun başqa adı yoxdur. Jurnalistə qarşı bu münasibət qanunvericiliklə cəzalandırılmalıdır. Çingiz Abdullayev jurnalistdən üzr istəməlidir. Eyni zamanda bir xalq yazıçısı titulunun məsuliyyətini hiss etməyən Çingiz Abdullayev xalqdan da üzr istəməlidir. İlk növbədə Çingiz Abdullayev Azərbaycan dilini yaxşı bilmədiyinə görə xalqa qarşı böyük hörmətsizlik edib. Bu məsələləri nəzərə alıb, belə bir addımı təkrar atmaması yaxşı olar. Xərclənən pullar, 203 min AYB üçün qəpik-quruşdur. Hər il xərclənən, silinən, havaya sovrulan məbləğlərin yanında çox kiçik rəqəmdir”.

Cəlil Cavanşir gənc namizədlərə səs verməyənləri tənqid edib, qorxaq adlandırıb: “Gizlində Anarı söyənlərin hamısı qorxusundan Anarı dəstəkləyir. Çünki bu adamların hamısı qorxaqdır, xaraktersizdir, cəsarətsizdir. Çünki onlar dərk edir ki, Anar hakimiyyət üçün vacib adamdır. İddialı şəxslərin heç birinin cəsarəti çatıb AYB sədrliyinə namizədliyini irəli sürmədi. Beləcə bir məzhəkə də sona çatdı. Qurultayda Anara alternativ olan, sədrliyə namizədliyini irəli sürən gənc şairlər məşhur, populyar olmaya bilər. AYB sədri olmaq üçün məşhurluq, populyarlıq şərtini kim qoyub? Nizamnamədə belə bir bənd varmı? Yoxdursa niyə bir dəstə ədəbiyyat adamının qarşısında gənclərin hüququ pozulur, nizamnəməyə arxa çevrilir və hamı susur? AYB Anarın atasının mülkü deyil axı. Demokratiya naminə gənc şairlərin namizəd olmağa da, namizəd kimi çıxış etməyə də haqqı vardı. Hələ də bu biyabırçılığa göz yuman, hətta haqq qazandıran qələm adamları var. Köləlik, qorxaqlıq, cəsarətsizlik və yaltaqlıq böyük faciədir. Bu girdabda çabalayan qələm adamı ciddi ədəbiyyat yarada bilməz”.

Yazıçı, millət vəkili Aqil Abbas Çingiz Abdullayevin jurnalistə qarşı davranışını doğru hesab etmədiyini bildirib. Onun sözlərinə görə, xalq yazıçısı daha təmkinli davrana bilərdi: “Çingiz Abdullayev o suala cavab verə bilərdi. İnsandır, o da əsəbiləşir, özündən çıxır, elə suallar verilir ki. Gərək olmayaydı, səbrini basmalı idi, olub keçib”.

Anar Rzayevin təkrar sədr seçilməyinə münasibət bildirən millət vəkili seçimin doğu olduğunu hesab edir: “Anar Azərbaycan xalqının pasportudu. Ondan başqa kim istəyirsə, sədr ola bilərdi. Çıxardı, namizədliyini irəli sürərdi, səsə qoyulacaqdı. Mən qurultayda da bildirdim, kim istəyirsə, çıxsın tribunaya. Niyə sədr olmaq istəyir, məqsədi nədir, açıqlasın, səsverməyə qoyaq. Demokratik ölkədə yaşayırıq. Çıxış edən hər kəs Anar Rzayevin leyhinə səs verdi, o da sədr seçildi”.

AYB sədrliyinə namizəd olan Emil Rasimoğlunun da fikirlərini öyrəndik. O, Anar Rzayevin AYB-yə sədrlik etdiyi dövrü acınacaqlı dövr adlandırıb: “Azərbaycan Yazıçılar Birliyinin ömrünün çox hissəsi Anar Rzayevin dövrünə aiddir. İllərdir ki, AYB modern idarəçilik, gəncləşmə islahatı, demokratik fikir, özündən sonrakı nəsili tanımaq anlayışını qəbul etmir. Bütün bunlara da səbəb Anar müəllimin və AYB rəhbərliyində təmsil olunan digər şəxslərin fəaliyyət çatışmazlığıdır. Yazıçılar Birliyini böyük bir formallıq bürüyüb. Sektorlar, bölmələr, tabeçiliyində olan orqanlar bərbad durumdadır. Məsələ “Azərbaycan” jurnalının nəşr olunması deyil, məsələ necə nəşr olunmasıdır.

Qarşıdakı illərdə gözləntilərə gəldikdə isə nə qədər ki, Anar Rzayevin rəhbərliyi var Yazıçılar Birliyindən yeni gözləntim yoxdu. Birmənalı olaraq sistem dəyişilməlidir”.

Baş verənlərə münasibət üçün Mətbuat Şurasının (MŞ) sədri Rəşad Məcidin də möqeyini öyrəndik. Əhali arasında bir neçə ay əvvələ qədər AYB sədri namizədi kimi tanınan Mətbuat Şurasının sədri köhnə qələmdaşlarını müdafiə edib, AYB-nin ayıbını jurnalistin üzərinə yıxdı: “Qurultayda bəzi jurnalistlərin hərəkətlərini görəndən sonra bir daha əmin oldum ki, mətbuatımızın saflaşmasına ciddi ehtiyac var. Heç bir ədəb-ərkan gözləmədən, bütün etik qaydaları tapdalayaraq yaşlı yazıçılarla, alimlərlə kobud davranan, müsahibini hövsələdən çıxarıb zorla istədiyi cavabı qoparmağa çalışan, qalmaqal yaratmağa çalışan jurnalistlərə heyrətlənməmək mümkün deyildi. Amma orda kübar, özünü-sözünü bilən,müsahibə almaq üçün icazə istəyən, sərt sualları da mədəni şəkildə ünvanlayan peşəkarlar da vardı. Jurnalistikamız belə peşəkarlara söykənib inkişaf edə bilər. İctimaiyyətin qınağı , peşəkar jurnalistlərin dəstəyi və “Media haqqında” qanunun tələbləriylə bu qarışıqlığa son qoyulmasının mümkün olacağına inanıram”.

Xatırladaq ki, Anar Rzayev 1987-ci ildən bəri AYB sədridir. Bu il AYB sədrliyinə Anar Rzayev, gənc yazıçılar Emil Rasimoğlu və Fuad Cəfərli namizədliklərini irəli sürmüşdülər.

ARAŞDIRMAÇI: “Turaz.org” Təhlil Komandası-Ağayeva

 

 

 

Translate »