Noyabr 29, 2022

Azərbaycan İsraildə səfirlik açır: “Dosta sevinc, düşmənə göz dağı”

Milli Məclisin iclasının gündəliyinə əlavə edilən “Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.

Politoloq Sədrəddin Soltan məsələ ilə bağlı “turaz.org”a danışarkən bildirib ki, Azərbaycanın İsraillə münasibətləri həmişə yüksək səviyyədə olub. Azərbaycanın İsraildə səfirliyinin açılması isə bu münasibətləri daha da inkişaf etdirəcək:

“Azərbaycan təkcə İsraildə deyil, eyni zamanda, Fələstində də Səfirlik açmaqla Fələstin-İsrail münasibətlərinə də öz tövhəsini vermiş olur. Başqa sözlə, hər iki ölkədə səfirlik açılması rəsmi Bakının bu ölkələrin arasındakı buzları da əritmək istədiyini göstərir. Odur ki, tərəflər arasındakı əlaqələrin inkişafı perspektivdə dostları sevindirəcək, düşmənləri isə narahat edəcək. Bu həm də indiki məqamda İranın Azərbaycana göstərdiyi yanlış münasibətə bir cavabdır. İllərdir rəsmi Bakı İsraildə səfirlik açmamaqla onun İranla olan münasibətlərini nəzərə alırdı. Amma son dönəm İran bütün dostluğun, qardaşlığın üstündən xətt çəkərək Azərbaycana qarşı riyakar mövqe sərgilədi. Rəsmi Bakı bu addımı atmaqla bir daha İranın ölkələrlərarası münasibətlərdə xoşməramlı olmadığını hər kəsə sübut etdi”.

Translate »