Sentyabr 30, 2022

Azərbaycan daxili turizm potensialı nə qədər yararlanır? – Ekspert rəyi

Zəngin təbii sərvətləri, tarixi-mədəni irsi ilə seçilən ölkəmiz özünü digər sahələrdə olduğu kimi daxili turizm sahəsində də inkişaf etdirib. Azərbaycan Respublikasının daxili turizm potensialı olduqca yüksəkdir. Xarici qonaqların diqqətini ölkəmizə çəkmək məqsədilə 2003-cü ildə Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən bölgələr üzrə 7 turizm marşrutu müəyyənləşdirilib. Bunlardan 4-ü əsas, 3-ü əlavə hesab edilir. Əsas turizm marşrutlarına Bakı-Xaçmaz, Bakı-Balakən, Bakı-Astara, Bakı-Qazax aiddir. Azərbaycanın daxili turizm potensiyalını artıran ilk olaraq bölgələrimizin təbii-coğrafi şəraiti, gözəl təbiətə malik olması, səfalı guşələrinin çox olmasıdır.

Bir çox bölgələrimizdə günümüz tələblərinə uyğun istirahət mərkəzlərinin, hotellərin inşası həm öz vətəndaşlarımızı, həm də xarici qonaqları ölkəmizə cəlb edir. Təbii bir haldır ki, insanlar il boyu çalışır və istirahətə ehtiyac duyurlar. Xüsusən böyük şəhərlərdə yaşayanlar sakit, hüzurlu yerlərdə xoş vaxt keçirməyi sevirlər. Bölgələrimiz də bu tələblərin çoxuna cavab verir. Xaçmazda çimərlik turizmi inkişaf edib, Qəbələ qədim abidələri və müasir istirahət məkanları ilə məhşurdur, İsmayıllı xarici turistlərin sevimli məkanıdır, Masallının isti suyu min bir dərdə dəvadır. Naxçıvanda ekoturizm inkişaf edib. Şəki ecazkar təbiəti və tarixi abidələri, Balakən gözəl dağ havası ilə turistləri özünə cəlb edir.

Turizm eksperti Ceyhun Aşurov “Turaz.org”a Azərbaycanda daxili turizmin potensialı barədə danışıb. Onun sözlərinə görə, ümumi olaraq Azərbaycanda daxili turizmin potensialı böyükdür:

“2019-cu ildə Respublikamıza 3 milyona yaxın turist gəlib. Pandemiya dövründə Azərbaycan əhalisi daha çox regionlarımıza səfər edib. Bununla da biz daxili turizm potensialına bir daha əmin oluruq. Regionlarımızda kifayət qədər infrastruktur, qalma yeri, əyləncə mərkəzləri və digər elementlər nə qədər çox olarsa, Azərbaycandan xaricə geden 5 milyon vətəndaşımızın bir hissəsi rahatlıqla öz ölkələrində istirahətlərini edə biləcəklər.

Təəssüf ki, Azərbaycanda otel sayı çox deyil, cəmi 700-ə yaxın otel var. 25 000-dən çox otaq fondu, 50 000 üzəri nömrə fondu o qədər də böyük rəqəm deyil ki, bütün vətəndaşlara lazımınca xidmət göstərilsin. Lakin son dövrlərdə tələbatın artması iş adamlarını da hərəkətə kəçirir və regionlarda, kəndlərdə olan iş adamları evlərini müəyyən standartlara salaraq turistlərə təklif edirlər. Sadəcə rəqabət mühitini formalaşdırıb istədiyimiz keyfiyyəti almaq üçün bazar iqtisadiyyatçılarının sayının dövlət tərəfindən təşviq edilərək çoxaldılması lazımdır. Bu cür obyektlərin sayının artması eyni zamanda gələcəkdə rəqabətin artmasına, keyfiyyətin yüksəlməsinə, qiymətlərin daha əl çatan olmasına xidmət edə bilər”.

Eyni zamanda ekspet işğalda azad olunmuş torpaqlarımızda turizmin potensialı və inkişafı barədə də fikirlərini bölüşüb:

“İşğaldan azad edilmiş torpaqlarımız tarixən ənənəvi turizm bölgələri olub. Sovet Respublikası dövründə də insanlar istirahət üçün Qarabağ bölgəsinə, Şuşaya, Kəlbəcərə üz tuturdular. Bu bölgələrin iqlimi, təbiəti, relyefi burada turizmin inkişafına daha da təkan verir və potensialından xəbər verir. Nəzərə alsaq ki, indiyə qədər torpaqlar işğal altında olub və işğaldan azad edildikdən sonra ərazi baxımından ölkənin 20 faizini təşkil edirdisə, turizm bazarına 20-30 faiz təsir göstərə bilər. İstər sağlamlıq turizmi, istər ekoloji turizm, istərsə də qostronomik turizmi burada inkişaf etdirə bilərik. Bununla bağlı əsgərlərimizin “Zəfər yolu”, açıq muzeylər, turizm üçün və gələcək turistlər üçün maraqlı olan məkanlar yaradıla bilər, bu da oraya daha çox turist axını ilə nəticələnər. Orada yaradılan Beynəlxalq Hava Limanı da turistlər üçün əlverişliliyi təmin edir”,- deyə ekspert bildirib.

 

Araşdırmaçı: “Turaz.org” Təhlil Komandası Lalə Padarova

Translate »