Sentyabr 30, 2022

Azərbaycan ilə Çinin Vencou şəhəri arasında ticari əməkdaşlıq imkanları müzakirə olunub


Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlunun bu ölkənin iri şəhərlərindən olan Vencounun meri Yao Qaoyuan və digər rəhbər şəxslərlə görüşündə ölkəmiz ilə Vencou arasında ticarət və investisiya sahələrində əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, görüşdə mer Yao Qaoyuan Çin ilə Azərbaycan arasında dostluq münasibətlərindən söz açaraq, Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olduğunu bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ildə Pekində 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumu çərçivəsində Çinin Sədri Si Cinpin ilə görüşünü xüsusi vurğulayıb.

Yao Qaoyuan qeyd edib ki, pandemiyaya baxmayaraq, cari ildə Azərbaycan ilə Vencou arasında ticarət dövriyyəsi ötən illə müqayisədə 7,9 faiz artıb. Mer iki tərəf arasında ticarət və investisiya sahəsində daha geniş əməkdaşlıq üçün potensialı olduğunu bildirib, müvafiq təkliflər irəli sürüb.

Ticarət nümayəndəsi Teymur Nadiroğlu Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsindəki rolundan danışıb, bu istiqamətdə “Bakı-Tbilisi-Qars” dəmir yolu layihəsinin Çin-Avropa yük daşımalarındakı önəmi və onun “Bir kəmər, bir yol” təşəbbüsünə verdiyi töhfəsini vurğulayıb. Ticarət nümayəndəsi bildirib ki, Azərbaycanın siyasi sabitliyi və iqtisadi imkanları xarici sərmayəçilər üçün əlverişli investisiya mühiti yaradıb. O, Vencoudan Azərbaycanın qeyri-neft sektoruna daha çox investisiyaların cəlb olunmasına ümid etdiyi bildirib, ölkəmizin keyfiyyətli qida və kənd təsərrüfatı məhsullarının Vencou şəhərinə ixracının artırılmasında maraqlı olduğunu deyib.

Görüşdə qeyd olunub ki, COVID-19 pandemiyasının törətdiyi fəsadların aradan qaldırılması məqsədilə Azərbaycan hökumətinin həyata keçirdiyi təxirəsalınmaz dəstək mexanizmləri nəticəsində ölkə iqtisadiyyatında prioritet sahələr müəyyənləşdirilib. Bu da Azərbaycana investisiya yatırmaqda maraqlı olan Çin şirkətləri və iş adamları üçün yeni imkanlar yaradır.

Azərbaycana investisiya yatırmaq istəyən “Vencou Nisin” şirkətinin rəhbərliyi ilə görüş də keçirilib.

Qeyd edək ki, Çinin Cıcian vilayətinin 9 milyondan çox sakini olan Vencou şəhəri ölkədə iqtisadi islahatların həyata keçirilməsində, xüsusən özəl sektorun fəaliyyəti baxımından öncül sıralarda olub. Çin iqtisadiyyatında özəl sektorun yaranma yeri hesab olunan Vencou bir model kimi qəbul edilir. Ümumi daxili məhsulu (ÜDM) 100 milyard ABŞ dollarına yaxın olan Vencouda bir neçə sənaye zonası fəaliyyət göstərir.

Mənbə:azertag.az

Müxbir:TurAz.org xüsusi müxbiri Aytac Cəfərova

Həmçinin bax : https://azertag.az/bolme/science_and_education

https://kafkazh.com/quslar-sinifi/

Translate »