Sentyabr 30, 2022

Azərbaycan kinosu 124 yaşında

Bu gün Azərbaycan Milli Kinosunun 124 yaşı tamam olur. Bu münasibətlə bütün kino işçilərini təbrik edirik.

Turaz.org sizə bu günlə bağlı maraqlı məlumatları təqdim edir.

1898-ci il avqustun 2-də fotoqraf Aleksandr Mişon lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərin müstəqil nümayişini təşkil etmişdir. Həmin gün Azərbaycan milli kinosunun yaranma günü sayılır.

1920-ci ildən sonra isə Azərbaycanda sovet kinosu erası başladı. Həmin illərdə çəkilən “Ulduz”, “Şərikli çörək”, “Bizim Cəbiş müəllim” və digər filmlərin ideoloji xətti olsa da, onları bizə sevdirən milli ruhun, milli adət-ənənələrin özündə əks etdirməsidir. Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanda çəkilən filmlərin sayında azalma baş verdi. Ötən əsrin sonunda çəkilən filmlər sırasında ən çox yadda qalanları isə Qarabağ münaqişəsindən bəhs edən “Özgə vaxt”, “Biz qayıdacağıq”, “Fəryad”, “Sarı gəlin”, “Lal çinar”, “Arxada qalmış gələcək” kimi kinolentlər oldu.

Azərbaycan kinosu yarandığı gündən azərbaycançılığa, milli düşüncəyə və ideologiyaya xidmət edib. Yəni hər bir dövrdə çəkilən filmlərin janr müxtəlifliyindən asılı olmayaraq, maarifçilik missiyasını yerinə yetirir. Fəxrlə deyə bilərik ki, 124 illik böyük tarixi yol keçən Azərbaycan kinosu cəmiyyətin inkişafında böyük rol oynayıb. Azərbaycançılığa, dövlətçiliyə töhfələr verən milli kinomuz heç vaxt öz yolundan dönməyib.

Azərbaycan kinosu tarixinin əsl yetkinlik dövrü sayılan 1960-1980-ci illərdə isə kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən 110 bədii, 500 sənədli və elmi-kütləvi, eləcə də 44 cizgi filmi, 96 nömrə “Mozalan” satirik jurnalı yaradılıb. “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim”, “Dəli Kür”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Nizami” və başqa bədii filmlərimiz bu illərdə istehsal olunub. Bu gün də dəfələrlə izlənilməsindən asılı olmayaraq, yenə də sevə-sevə baxdığımız filmlərimizi fərqləndirən əsas cəhətlərdən biri də xalqımızın həyatına, başlıcası isə, çoxəsrlik tariximizə, adət-ənənələrimizə, milli dəyərlərimizə daha dərindən nüfuz etməsidir.

Azərbaycan kinosu hər zaman fərqliliyi, milliliyi özündə birləşdirib. Hətta sovet rejimində belə filmlərimizdə bizə xas olan dəyərlərimiz elə ustalıqla verilib ki, hər dəfə bu filmlərə baxanda tamaşaçı özü üçün yenilik tapır. 18 dekabr 2000-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sərəncamı ilə avqustun 2-si tarixini kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günü elan edilib.

Araşdırmaçı: Firuzə Məlikzadə

Translate »