Dekabr 9, 2021

Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib

“Ermənistanın hərbi rəhbərliyi 44 günlük 2-ci Qarabağ müharibəsindəki total məğlubiyyətdən nəticə çıxarmaq, regionda yaranmış yeni geosiyasi vəziyyətə uyğunlaşmaq, sülhü və təhlükəsizliyi gücləndirmək əvəzinə daxili istehlak məqsədilə bu kimi ucuz hərbi avantüralara cəhd edir”.

Turaz.org xəbər verir ki bu barədə Müdaifə Nazirliyinin yaydığı bəyanatda bildirilib.

“Ermənistan müdafiə nazirinin Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz səfəri Ermənistanın Azərbaycan Respublikası ərazisində qanunsuz erməni hərbi birləşmələrini, aqressiv separatizmi və terror-təxribat əməllərini birbaşa dəstəkləməkdə davam etdirdiyini növbəti dəfə nümayiş etdirir. Eyni zamanda Ermənistan silahlı qüvvələrinin ünsürlərinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu qalmaqda davam edir.

Ermənistanın müdafiə nazirinə “keçilməz Ohanyan xətti”, “yeni müharibələr yeni ərazilər” kimi utopik iddialarla çıxış etmiş sabiq həmkarlarının və digər erməni generallarının aqibətini xatırlatmaq istərdik.

Ermənistanın hərbi-siyasi rəhbərliyini xəbərdar edirik ki, Azərbaycan ərazilərinə bu kimi qanunsuz səfərlərin həyata keçirilməsi təkrarlandığı hallarda, Azərbaycan Respublikasının qanunlarını rəhbər tutaraq, aqressiv separatizm və terror-təxribat əməllərinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçiriləcəkdir”,- bəyənatda bildirilib.

 

Müxbir: Əzizə Əlizadə

Translate »