İyun 8, 2023

Azərbaycan-Özbəkistan münasibətləri

Azərbaycan-Özbəkistan arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Uzun illər ərzində hər iki dövlət SSRİ-nin işğalı altında qalıblar. Sovet hakimiyyəti illərində türk xalqlarının qarşılıqlı münasibətlərinə yaradılmış maneələrə, siyasi təqiblərə rəğmən bu xalqlar arasında əlaqələr davam etdirilib. 2 dost ölkənin tarixi böyükdür və dostluğu qədimdir.

TURAZ.ORG komandasının əməkdaşı bu mövzunu araşdırıb və ətraflı məlumatı təqdim edir.

Sovet dövründən çox yaxın olan bu ölkələrin münasibətləri müstəqillik dövründə daha yüksək səviyyədə oldu, Azərbaycan və Özbəkistan dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi münasibətləri daha da inkişaf etdirildi. Son illərdə isə əməkdaşlıqları daha da yüksək səviyyəyə qalxdı və bugünkü səviyyəsinə gəlib çatdı.

Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı..

Azərbaycan-Özbəkistan arasında diplomatik, iqtisadi və mədəni zamanla daha da inkişaf edən əlaqələr mövcuddur.

İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin oktyabr ayının 2-də qurulmuşdur.1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb.

Azərbaycan get-gedə daha böyük geosiyasi və geoiqtisadi əhəmiyyət kəsb edən Cənubi Qafqaz regionunda Özbəkistanın əsas tərəfdaşıdır. Hər iki dövlət istər regional, istərsə də beynəlxalq xarakterli bir çox məsələlərdə oxşar mövqe tuturlar. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, İKT, EKO, MDB və Türkdilli Dövlətlər Başçılarının Forumu çərçivəsində iki ölkə arasında sıx əməkdaşlıq qurulub. Özbəkistan həmişə Dağlıq Qarabağ probleminin dinc, siyasi vasitələrlə həllinə tərəfdar çıxıb. Bu ölkə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını münaqişənin tənzimlənməsinin əsas şərtlərindən biri hesab edir.

Qardaş Özbəkistan 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəmizlə artıq tarixdə qalmış Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqeyini qətiyyətlə ifadə edib. Özbəkistan artıq azad Qarabağdakı quruculuq işlərinə qoşulub. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan dövlətinin vəsaiti hesabına böyük məktəbin inşasının layihəsi Azərbaycan hökumətinə təqdim olunub.

Son illərin nəticəsi göstərir ki, Azərbaycan-Özbəkistan münasibətləri daha da inkişaf edib. İki ölkə arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcəkdir.

ARAŞDIRMAÇI: Məryəm Məmmədova

Translate »