Oktyabr 4, 2022

Azərbaycan Respublikası Qanununun auditorlar tərəfindən tətbiqinə dair metodik materiallar toplusu nəşr olunub

Auditorlar Palatası tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun auditorlar tərəfindən tətbiqinə dair metodik materiallar toplusu (2010-2020-ci illər)” nəşr etdirilib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu maliyyə hesabatlarında şəffaflığın təmin edilməsində böyük əhəmiyyətə malik olan auditor xidməti qarşısında da xüsusi öhdəliklər yaradıb. Belə ki, həmin qanunla auditor təşkilatları və sərbəst auditorlar monitorinqdə iştirak edən digər şəxslər qismində təsbit olunub, Auditorlar Palatası isə bu sahədə öz səlahiyyətləri daxilində nəzarət orqanı kimi müəyyən edilib. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin müvafiq dövlət proqramlarına və milli fəaliyyət planlarına daxil edilməsi bu işin əhəmiyyətini daha da aktuallaşdırıb. Dünya təcrübəsi göstərir ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına qarşı ardıcıl və sistemli mübarizə aparmaqla belə halları ləğv etmədən iqtisadi islahatların həyata keçirilməsi və dayanıqlı inkişafın sürətləndirilməsi mümkün olmur. İstər qanunsuz yollarla əldə edilmiş pulların leqallaşdırılması, istərsə də onun törədicisi olan korrupsiya və “kölgə iqtisadiyyatı” hər bir ölkənin iqtisadiyyatına böyük ziyan vurmaqla bərabər, əlverişli investisiya mühitinin formalaşmasına, xarici və daxili mənbələr hesabına investisiyaların cəlb edilməsinə, sahibkarlığın inkişafına ciddi əngəl törədir. Eyni zamanda, çirkli pulların yuyulması və korrupsiyanın geniş yayılması ölkənin maliyyə bazarının dayanıqlığını sarsıdır.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”na 3-cü “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində tədbirlər” adlı 9 tədbirdən ibarət ayrıca bölmə daxil edilib. Nəzərdə tutulmuş vəzifələr öz əhəmiyyətliliyi ilə bərabər, beynəlxalq təcrübə ilə sıx uzlaşması baxımından səciyyələndirilə bilər. Bu nöqteyi nəzərdən Milli Fəaliyyət Planında risk qiymətləndirilməsi amilinin xüsusi vurğulanması öz preventiv xüsusiyyətinə görə diqqəti cəlb edir.
Qanunvericiliyin və dövlət proqramlarının auditorlar qarşısında yaratdığı öhdəliklərin icrasını günün tələbləri səviyyəsində təmin etmək məqsədilə Auditorlar Palatası bu sahədə öz fəaliyyətini, ilk növbədə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə normativ bazanın yaradılmasından başlayıb. 2009-cu ildə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsindən az bir müddət sonra palata tərəfindən ilk normativ sənəd tərtib olunub, növbəti illərdə isə qanunvericiliyin və dövlət proqramlarının yaratdığı öhdəliklərin hər bir istiqaməti üzrə müvafiq qayda, təlimat, metodik göstəriş və sair materiallar hazırlanıb. Eyni zamanda, bu istiqamətdə zəruri təlim proqramları, nəzarət, araşdırma və intizam tədbirləri üzrə də müvafiq sənədlər tərtib edilib. Həmin materiallar xidməti istifadə üçün “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun auditorlar tərəfindən tətbiqinə dair metodik materiallar Toplusu (2010-2020-ci illər)” şəklində hazırlanaraq çap etdirilib. Bu topluya daxil olan sənədlər auditor fəaliyyəti ilə məşğul olanların, auditor xidməti istifadəçilərinin, digər maraqlı tərəflərin istifadəsi üçün nəzərdə tutulub, həmçinin nəzarət orqanlarının fəaliyyətində də faydalı ola bilər.

Mənbə: azertag.az
Müxbir: Turaz.org-un xüsusi müxbiri Jalə Hüseynova

Həmçinin bax: https://turaz.org/gomruk-emkdasliq-surasinin-iclasi-kecirilib/

https://kafkazh.com/amea-nin-muxbir-uzvu-sahbaz-muradovun-80-yasi-tamam-olur/

Translate »