Dekabr 8, 2021

Azərbaycan və Belarus iqtisadi əməkdaşlığı genişləndirməyi müzakirə edib

Belarus parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreichenko Azərbaycanın bu ölkədəki səfiri Ülvi Baxşəliyevlə görüşüb.

Turaz.org bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, V.Andreichenko bildirib ki, iki ölkə sənaye və kənd təsərrüfatı sahələrində aktiv əməkdaşlıq edə bilər: “Mən bilirəm ki, siz artıq Nesvij rayonunda kənd təsərrüfatı məhsulları ilə tanış olmusunuz. Həmçinin təhsil, mədəniyyət, idman, turizm sahələrində işləyə biləcəyimiz çoxlu sahələr var. Düşünürəm ki, belə bir yol xəritəsi hazırlasaydıq, əla olardı”.

Səfir isə deyib: “Ölkələrimiz arasında münasibətlər yüksək səviyyədədir. O cümlədən, prezidentlərimiz arasında yüksək etimad münasibətləri genişlənməsinə və daha da dərinləşməsinə töhvə verir. Mən artıq ikinci aydır ki, Belarusdayam və çoxlu görüşlər keçirməyə vaxtım olub. Rayonlara səfərlərim olub. Hazırda ikitərəfli iqtisadi əlaqələrimizin prioritet sahələri olan maşınqayırma və kənd təsərrüfatı sektoru ilə tanış oluram. Pandemiyaya baxmayaraq, ölkələrimiz arasında ticarət hər il artır və bu il biz artıq yeni səviyyələrə çatmışıq. Düşünürəm ki, ilin sonuna qədər bizim planlaşdırdığımız artım prezidentlərimizin müəyyən etdiyi templərə uyğun olacaq”.

 

Müxbir: Əzizə Əlizadə

Translate »