Oktyabr 3, 2022

Azərbaycan və Belarusun antiinhisar orqanları arasında təcrübə mübadiləsi aparılacaq

Azərbaycan və Belarusun antiinhisar orqanları arasında qarşılıqlı təcrübə mübadiləsi və fəaliyyət istiqamətləri üzrə təlimlər keçiriləcək.

Bu barədə Turaz.org İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.

Belə ki, Dövlət Xİdmətinin rəisi Məmməd Abbasbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti Belarusda bu ölkənin Antiinhisar Qurumunun yaradılmasının 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib.

Konfransın plenar iclasında çıxış edən Məmməd Abbasbəyli Dövlət Xidmətinin fəaliyyət istiqamətləri barədə məlumat verib, ölkəmizdə biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması məqsədilə antiinhisar nəzarəti, dövlət satınalmaları, rəqabət, keyfiyyət təminatı sahələrində aparılan islahatları diqqətə çatdırıb.

Səfər çərçivəsində Dövlət Xidmətinin rəisi ilə Belarus Respublikasının Antiinhisar Tənzimlənmə və Ticarət naziri Aleksey Boqdanov arasında ikitərəfli görüş keçirilib. Görüş zamanı iki qurum arasında əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli beynəlxalq konfransda iştirak edən Qırğızıstan Respublikasının İqtisadiyyat və Ticarət Nazirliyi yanında Antiinhisar Tənzimlənməsi Xidmətinin rəhbəri Keneşbay Tailakovla da görüşüb. Görüşdə cari ildə iki ölkənin antiinhisar orqanları arasında imzalanmış əməkdaşlıq haqqında Memorandumun həyata keçirilməsinə dair Tədbirlər Planı müzakirə edilib, qarşılıqlı təcrübə mübadiləsinin təmin olunması və fəaliyyət istiqamətləri üzrə təlimlərin keçirilməsi haqqında razılıq əldə olunub.

 

Müxbir: Əzizə Əlizadə

Translate »