Noyabr 27, 2021

Azərbaycan və Rusiya tibbi aviasiya sahəsində əməkdaşlıq edə bilər

Səhiyyə nazirinin I müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Rusiyanın Sənaye və Ticarət Nazirliyinin Xarici Ticarət Sahəsində Beynəlxalq Kooperasiya və Lisenziyalaşdırma Departamentinin direktoru Roman Çekuşovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Turaz.org bu barədə Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, görüşdə əczaçılıq sənayesində gələcək əməkdaşlığın perspektivləri, həmçinin tibbi aviasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib. T.Musayev ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən tibb sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb, həmçinin Rusiyanın səhiyyə nazirinin bu ilin iyul ayında Bakıda səfərdə olduğunu və rusiyalı həmkarı ilə görüş zamanı “Rusiya Federasiyası Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında səhiyyə sektorunda əməkdaşlığın prioritet sahələrinin inkişafına dair 2021-2024-cü illər üçün Yol xəritəsi”nin imzalandığını xatırladıb.

Rusiya nümayəndə heyətinin üzvləri isə ölkələrimiz arasında əczaçılıq sənayesində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıblar, qeyd ediblər ki, dərman təminatı sahəsi ən mühüm və sosial əhəmiyyətli sahələrdən biridir, dərhal təcili tibbi yardımın göstərilməsi insan sağlamlığının və həyatının qorunmasında əsas vasitələrdən biridir. Nümayəndə heyəti ölkələrinin tibbi aviasiyanın inkişafında böyük təcrübəsini nəzərə alaraq, bu sahədə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Görüşün sonunda tərəflər əməkdaşlığın bundan sonra da davam etdirilməsi barədə razılığa gəliblər.

Müxbir: Əzizə Əlizadə

Translate »