Oktyabr 19, 2021

Azərbaycan və Türkiyə şəhərsalma sahəsində əməkdaşlığı genişləndirə bilər

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum ilə görüşüb.

Bu barədə Turaz.org Komitəynə istinadən xəbər verir.

Komitə sədri Azərbaycan və Türkiyə arasında şəhərsalma, memarlıq və tikinti sahəsində sıx əməkdaşlıq əlaqələrinin mövcudluğunu yüksək qiymətləndirdiyini vurğulayıb. Vətən müharibəsi dövründə də qardaş Türkiyənin siyasi və mənəvi dəstəyinin daim hiss olunduğunu bildirən A.Quliyev hazırda ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə tarixinin ən yüksək səviyyəsində olduğunu, bu nailiyyətin ilk növbədə dövlət başçılarımızın birgə səyləri sayəsində və göstərişlərinə əsasən əldə olunduğunu xüsusi vurğulayıb.

O, şəhərsalma sahəsində də ikitərəfli əlaqələrin daha da gücləndirilməsi üçün mühüm addımlar atıldığını vurğulayıb, şəhərsalma və tikinti sahəsində təcrübə və məlumat mübadiləsi məqsədilə “ağıllı şəhər”lərin təşkili, inşaat işlərinin ərazi planlaşdırılması sənədlərinin tələblərinə uyğunluğu, şəhərlərin yenidən qurulması planlarının hazırlanması və sair mövzular üzrə son müddət ərzində hər iki qurumun ekspertləri səviyyəsində onlayn görüşlərin, videokonfransların fəal təşkil edildiyini müsbət qiymətləndirib.

M.Kurum bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətlərinin dayanmadan inkişafının, əməkdaşlığın yüksək səviyyəsinin, hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verdiyini bildirib. O, digər istiqamətlərdə olduğu kimi, memarlıq və şəhərsalma sahələri üzrə də mövcud əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini, işğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpasında Türkiyənin yaxından iştirak etmək imkanı olduğundan sevinc hissi duyduğunu qeyd edib. Nazir həmçinin rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri və prioritetlərinə toxunaraq, bir sıra sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.

Görüş çərçivəsində mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, birgə layihələrin həyata keçirilməsi və müvafiq sahə üzrə perspektiv əməkdaşlıq imkanları müzakirə edilib.

Müxbir: Əzizə Əlizadə

Translate »