Oktyabr 4, 2022

Azərbaycanda Zərdüştlük

Dünyada çox sayda müxtəlif dini inanclar var. Bəşəriyyət formalaşdığı vaxtdan bu günəcən insanlar hər dövrdə müəyyən varlıqlara sitayiş ediblər.

Əvvəlcə, din nədir ona nəzər salaq. Din, əslində, bir sistemdir. İstər fərdi, istərsə də qrup şəklində öz hərəkətlərini idarə etməyə, kainatı, bəşəriyyəti dərk etməyə, açıqlamağa kömək edən düşüncə çərçivəsidir. Burada çox fərqli anlayışlar mövcuddur. Bütün dinlər tanrıya, tanrılara və ya fövqəltəbii qüvvələrə inam üzərində mərkəzləşmir. Yəni dində tanrının varlığı şərt deyil. Buddizm belə dinlər sırasındadır. Buna görə də, din mütləq yaradana ibadət mexanizmi yox, daha çox həyat tərzi hesab olunur.

Dünyaca məşhur psixoanalitik Ziqmund Freyd dini arzuların yerinə yetirilməsi kimi də təsvir edir. Bununla belə, müasir psixologiya dinin insan həyatında və təcrübələrində mühüm rol oynaya biləcəyini, hətta sağlamlığını və rifahını yaxşılaşdıra biləcəyini qəbul edir. Əslində, tədqiqatlar göstərib ki, din insanlara sağlam vərdişlər inkişaf etdirməyə, davranışlarını tənzimləməyə və emosiyalarını başa düşməyə kömək edə bilər. Buraya sağlamlığımıza təsir edə biləcək bütün amillər daxildir.

Din anlayışı geniş olduğu üçün biz yalnızca araşdırma predmetimiz olan zərdüştlük üzərində durmaq istəyirik. Hamıya bəllidir ki, dünyanın ən qədim monoteist inancı olan Zərdüştlüyün banisi Zərdüşt peyğəmbər hesab olunur. Bəzi alimlər Zərdüştün eramızdan əvvəl VI əsrdə Fars İmperiyasının padşahı olan Böyük Kirin müasiri olduğuna inanırlar, baxmayaraq ki, əksər linqvistik və arxeoloji sübutlar daha erkən bir tarixi, eramızdan əvvəl 1500 və 1200-cü illəri işarə edir. Bu dinin müqəddəs kitabı Avestadır. Zərdüştün təlimləri Avestanın ən qədim, ən mürəkkəb hissəsi olan Qatlarda qorunub saxlanılır. Hətta bəzi mənbələrdə Qatların müəllifinin Zərdüşt olduğu da qeyd edilir. Qatlar adlandırdğımız hissə ayələrlə təşkil olunub və o, xüsusi nəğmələrdən ibarətdir. Anlayış baxımından da çox ağır dili var.

Qeyd edək ki, zərdüştlərin ən çox olduğu yerə Hindistan ev sahibliyi edir. Təxminən 100 min insan bu icmaya qulluq edir. İkinci vətəni hesab olunan İranda isə 60 min insan icmanın üzvüdür. Üçüncü yerdə Azərbaycan qərarlaşıb, belə k, 2 minə yaxın icma üzvü var.

Zərdüştlüyə görə, dünya xeyir və şər qüvvələri asrasında döyüş meydanıdır və gec tez xeyrin şər üzərindəki qələbəsinə inanılır. Həyatdakı məqsəd özünü elə aparmaqdır ki, sonda bu qələbə ilə nəticələnsin. Zərdüşt öz ardıcıllarını bu dünyada dolğun və faydalı bir həyat sürməyə, yaradılışda yaxşı və gözəl olan hər şeyin qədrini bilməyə, təkcə yaxşılıq etməyə və pislikdən çəkinməyə deyil, həm də pisliklərlə mübarizə aparmağa və başqalarını xoşbəxt etməyə çağırmışdır. O, öz ardıcıllarını inandırırdı ki, Allahın qüvvəsi şərlə mübarizə aparanlara veriləcək və pis əməlin əvəzini yaxşılıqla ala biləcəyini vurğulayıb. Xoşbəxtliyi axtarmağın yolu isə başqalarını xoşbəxt etməkdən ibarətdir.

Zərdüştlük inancının ən qədim simvolu Fərəvahar hesab edilir. Simvolda bir əli irəli uzanmış saqqallı kişi təsvir edilmişdir. O, əbədiyyəti təmsil edən bir dairədən uzanan bir cüt qanadın üstündə dayanır. Bəzi zərdüştlər həmişəyaşıl sərv ağacını da əbədi həyatın simvolu kimi dəyərləndirirlər. Od işığı, istiliyi təmsil etdiyi üçün, eləcə də, təmizləyici gücə malik olduğu üçün zərdüştlüyün digər mühüm simvoludur.

Zərdüştlük haqqında ən geniş məlumatı 19-cu əsrdə alman filosofu Fridrix Nitsşen vermişdi. Onun yazdığı “Belə danışdı Zərdüşt” romanı sayəsində avroplalıların Zərdüştlük haqqında ilk təsəvvürü yarandı. Nitsşe bu əsərdə açıq-aşkar Zərdüşt peyğəmbərin ardınca gedir, onu təbliğ edir.

Zərdüştlük yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda da geniş yayılmıışdı. Hətta bir çox abidələrimizdə zərdüştlüyün əlamətlərinə, nişanlarına rast gəlinir. Bir çox insanlar Azərbaycanın qədim memarlıq abidələri sırasında yer alan məşhur “Atəşgahlar” məbədini də vaxtı ilə zərdüştlərin ibadət məkanı kimi tanıyırlar. Lakin tarixi faktlar sübut edir ki, əslində, “Atəşgahlar” məbədi 18-ci əsrdə hindlilər tərəfindən inşa edilib.

Hətta Frederic Shoberl de Hanway də (1775-1853) öz səyahətnaməsində bu məbədin Zərdüştlüklə bir əlaqəsinin olmadığını bildirir. O, sübut edir ki, Zərdüştlük antik farsların qalıqlarıdır. O, səyahətnaməsində Azərbaycanda “Gebers” və ya “Gaurs” adlanan antik farsların varlığından söz açmış və onların atalarının dini inancı olan zərdüştlüyü təbliğ etməkdə maraqlı olduqlarını qeyd etmişdi. Hanway bildirir ki, qədim farslar heç vaxt ibadət yerləri inşa etməmişlər, ibadətin bağlı məkanda keçirilməsinin həmişə əleyhinə olmuşlar. Onların düşüncəsinə görə, qapalı divarlar arasında cənnətin tanrısına ibadət etmək yanlışdır, əksinə bütün dünya ibadət yeri olmalıdır. Buna görə də onlar həmişə ibadətlərini açıq havada, hər hansı bir təpəliklərdə etmiş, qurban mərasimləri icra etmişlər.

Hanway Bakı səyahətində atəşgah və onun ətrafında gördüklərini kitabında “Sonsuz Atəş” başlığı ilə yazarkən 3-4 metr yüksəklikdə antik dövrdən qalma gümbəzli ibadət yerlərindən də bəhs edib. Onların da hindlilərə məxsus olduqları güman edlir.

Sonda bildirək ki, dini inanclar bəşər tarixində həmişə mühüm rol oynayıb. Onlar zehni struktur olaraq dünyanı dərk etməyə, qəbul etdiyimiz və ya rədd etdiyimiz dəyərlərə təsir edirlər. Lakin sosial struktur olaraq, aidiyyat hissini təmin edirlər. Dinlər bəzi ölkələrdə güc strukturunun əsasına da çevrilir, amma tolerantlıq dəyərlərinə uyğunlaşdırıldğı zaman ciddi problem yaratmır.

Araşdırmaçı: “Turaz.org” Təhlil Komandası – Aida Hüseynova

Translate »