Noyabr 27, 2021

Azərbaycanın fəxri -“Qarabağ FK”

“Qarabağ”ımız yenə bizləri sevindirməyi bacardı. Periyodik uğurların təməlində əzmkarlıq, qətiyyət və dayanmadan çalışmaq yer alır.

Bu dəfə komandamız Uefa Konfrans liqasında gücünü sınayır. Play-off mərhələsində Aberdini mübarizədən kənarlaşdıran komandamız, rəqiblərin ot örtüyündən şikayət etdiyi Tofiq Bəhramov adına Respublika Stadionunun qazonunda bərpa işləri apardığı üçün qrupdakı ilk qarşılaşmasında İsveçrə nəhəngi “Bazel”i Bakı Olimpiya Stadionunda qəbul etdi. Elə ilk matçdan “Qarabağ” bu dəfə qrupdan növbəti mərhələyə adlamaqda israrlı olduğunu göstərdi. Daha üstün oynayan komandamız sonda 0-0 hesablı heç-heçəyə razı oldu. İkinci qarşılaşma daha drammatik oldu, hesabda geriyə düşən komandamız sonda Kipr “Omoniya”sını 4-1 hesabı ilə məğlub etdi. 3-cü matç gəlib çatdı. Rəqib Qazaxıstanın “Kayrat” komandası idi. İlk turlardakı performansa görə çoxları “Qarabağ”ımızı favorit görürdü. Matça da elə komandamız daha yaxşı başladı. Amma bəzən hər şey hesablandığı kimi olmur. Uzun müddətdir, müdafiənin mərkəzində kifayət qədər inamlı təsir bağışlayan Maksim – Medina cütlüyü 18-ci dəqiqədə rəqibin heyətindəki ən təhlükəli oyunçulardan biri olan Jose Kantenin qarşısını ala bilmədi. Qapıçımız Şahruddinlə təkbətək qalan Kante bir az təcrübəsindən yararlanaraq komandasının lehinə penalti qazanmağı bacardı. 11 metrlik nöqtəyə özü yaxınlaşan Kante, fürsəti qaçırmadı. Ümumilikdə “Kayrat” komandası daha çox müdafiə futboluna üstünlük verirdi. 5-3-2 taktiki sxemi ilə oynayan rəqib, əks-hücumlara daha çox bel bağlamışdı. “Qarabağ”ın taktiki düzülüşü isə, matçın gedişatından asılı olaraq dəyişirdi. Komandamızı 4-2-1-3, 4-2-3-1, 4-1-4-1 düzülüşlərində görürdük. İlk hissədəki səylərimiz nəticə gətirməsə də, ikinci hissəyə daha aktiv başladıq. Hücumlar yaxşı qurulurdu. Təkcə çatışmayan qol idi. Hərəkətli hücumçu olan Wadji, bəzən cinahlara gəlib cərimə meydançası həndəvərinə topun daşınmasına kömək edirdi, bəzən də cinahlardan edilən asmalarda başla zərbə endirmək üçün fürsətləri dəyərləndirməyə çalışırdı. Zubir öyrəşdiyimiz qaydada sol cinahda texniki fəndlər hesabına rəqib müdafiəsini yarmağa çalışırdı. Andrade və Kady də uzaqdan zərbələrlə rəqib torunu silkələmək niyyətində idi. Tam üstünlüyə malik olan komandamızın qolu dəyişiklikdən sonra gəldi. Meydana sonradan daxil olan Ramil Şeydayev rəqib qapısı qarşısında yaranan qarışıqlıqdan maksimum istifadə edərək hesabı bərabərləşdirdi. Amma komadamız bununla kifayətlənmədi. 90-cı dəqiqəyə əlavə edilmiş dəqiqədə Abbas Hüseynov “Qarabağ”a qələbə gətirən qolun müəllifi oldu. Klubdan verilən məlumata görə yaxın zaman ərzində nənəsini itirən Abbas, qol vuracağına dair söz vermişdi. Qoldan sonra göz yaşlarını saxlaya bilməyən oyunçumuzun ətrafında bütün komandanın toplaşması ilə duyğu dolu anlar yaşandı. “Qarabağ” təkcə “Kayrat”ı yox, eyni zamanda modern futbolun standartlarına zidd olan sırf müdafiə taktikasını məğlub etdi. Hər şey üçün təşəkkürlər! Təbriklər “Qarabağ”! Təbriklər Azərbaycan!

Şərh: Turaz.org “Turaz Təhlil”dən Elgiz Zari

Həmçinin bax: turaz.org/naxcivanda-bank-sektorunun-inkisafi-muzakire-edilib/

Translate »