Oktyabr 2, 2022

Azərbaycanla Pakistan arasında səhiyyə sahəsinin yeni perspektivləri müzakirə edilib

 

Səhiyyə Nazirliyində Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee ilə görüş keçirilib.

Turaz.org xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, tədbirdə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsinin yeni perspektivləri müzakirə edilib.

Səhiyyə naziri Teymur Musayev Azərbaycanla Pakistan arasında əlaqələrin dərin köklərə malik olduğunu qeyd edib.

Nazir iki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlığın nümunəvi olduğunu vurğulayıb: “Səhiyyə siyasəti və ictimai səhiyyə sahəsində Pakistan ilə əməkdaşlığımız beynəlxalq müstəvidə – Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı səhiyyə nazirlərinin əməkdaşlığı çərçivəsində aparılır”.

Nazir bildirib ki, ölkələr arasında səhiyyə sahəsi və tibb elminə dair memorandum imzalanmasa da sıx əməkdaşlıq mövcuddur: “Səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələrimiz Azərbaycanla Pakistan hökuməti arasında Birgə Komissiyanın Protokolunun müddəalarına uyğun olaraq həyata keçirilir. Sonuncu Komissiyanın Protokoluna əsasən Azərbaycan tərəfindən səhiyyə sahəsində əməkdaşlıq üzrə işçi qrup müəyyən edilmiş və bu barədə həmsədr quruma məlumat verilib. Eləcə də bu ilin iyun ayında Pakistanın yeni təyin edilmiş səhiyyə nazirinə diplomatik kanallarla təbrik məktubu göndərilib”.

Çıxışının sonunda Teymur Musayev gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.

Öz növbəsində Bilal Hayee vurğuladı ki, Azərbaycan Pakistan xalqının qəlbində xüsusi yeri olan ölkədir.

Çıxışı zamanı səfir bildirib ki, hazırda 25 pakistanlı tələbə Azərbaycan Tibb Universitetində (ATU) ali tibbi təhsil alırlar.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları, nazirliklər arasında tibb elmi sahəsində və qlobal pandemiyaya qarşı mübarizə üzrə Ümumdünya Səhiyyə Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində birbaşa əlaqələrin önəmi qeyd edilib.

Müxbir: Əzizə Əlizadə

Translate »