Dekabr 5, 2022

Azyaşlılar arasında artan mövsümü xəstəliklər: “Hərarət yoxdursa, qrip deyil”

Havanın dəyişkən keçməsi insanlar arasında mövsümü xəstəliklərin sayını artırıb. Lakin bu vəziyyətdən ən çox təsirlənən azyaşlılardır. Fəsil dəyişərkən immunitet gücləndirmək üçün nə etmək olar? İmmuniteti süni şəkildə gücləndirən dərmanlar faydalıdırmı?

Mövzu ilə bağlı Turaz.org-a danışan həkim-pediatr Aytən İsmayılzadə bildirib ki, fəsil dəyişəndə immunitet mikrofloranın zəifləməsi hesabına gücdən düşür.

Onun sözlərinə görə, əsasən qidalar – süni qida, inək südü, buğda unu məhsulları, şəkər, antibiotiklər, kimyəvi dərmanlar, zərərli qidalar immuniteti zəiflədir:

“Körpələrin qidasında bunları probiotiklər, bol lifli qidalar, meyvə-tərəvəz, zülallı yeməklərlə əvəzləmək daha məqsədəuyğundur. Apteklərdən vitamin kompleksləri,  immun  yazılan dərmanlar alıb istifadəsini tövsiyə etmirəm. Fəsil dəyişəndə vitamin azalmır. Biz il boyunca vitamin almağa ərzaq tapırıq. Vitamin içiriksə o, bədən üçün artıqdısa yağda həll olanı (A, D, E, K) piydə yığılır, suda həll olanı isə (B, C) sidiklə çıxır. İmmun dərmanlar isə immuniteti  mübarizədə saxlayır və onu yorur. Virusla üzləşdiyi zaman yorulmuş immunitet əli yalın əsgər kimi çıxır qarşısına. Beləliklə, immuniteti gücləndirməyə çalışmaq deyil, ona dəstək olmaq və zəifləməyə qoymamaq lazımdır”.

Mövsümü xəstəliklərin müalicəsi zamanı çoxsaylı müxtəlif adlarda dərmanların istifadəsinə irad bildirən pediatr bunların immuniteti daha da zəiflətdiyini bildirib: “Qripə qarşı dərmanlar hədsiz çoxdur. Lakin o adlar yalnız ticari məqsəd daşıyır. Çox insanlar hətta uşaqlara həm bu cur qripə qarşı, həm də yanaşı olaraq hərarət salıcı dərman verir.

Bütün bu sıradan olan dərmanların tərkibində əsas maddə olaraq parsetamol var. Evinizdə olan bu sıradan bir paketin üzərini oxusanız “parasetamol” sözünü dərhal sezərsiz. Yəni bir parasetamol üzərinə daha bir parasetamol  qəbul etmək qaraciyər üçün əlavə yükdür. Parasetamol hərarəti salır, həm də baş və bədən ağrılarını azaldır. Əgər hərarət yoxdursa, deməli xəstə qrip deyil və bu cür qripə qarşı vasitəyə ehtiyac yoxdur. Bu preparatlar tərkibində ikinci maddə bir antihistamindir. Məsələn, “Dimedrol” kimi. Onu da təsiri zökəm, qrip zamanı quru öskurək, burun axma, göz yaşarmaya müəyyən dərəcə yüngülləşdirici təsir etməkdir. Üçüncü təsiredici maddə isə damardaraldıcı maddədir. Onun adı feniramin olaraq yazılır. Onun da işi yaşama, sulanma, şişkilnik kimi proseslərə  ləngidici təsir etməkdir.

Bütün bunların muqabilndə insan yüngülləşir, özünü yaxşı hiss edir. Amma bu, müalicə deyil. Qrip virus səbəbi ilə yaranır. Onun müalicəsi virusu öldürməklə şərtlənə bilər. Buna isə dəyməz. Çunki az qala gündə bir virus çıxır. Ən yaxşı müalicə elə immunitetin öz etdiyi müalicədir”.

Mütəxəssis qripə qarşı vasitələrdən uşaqlar üçün istifadənin tövsiyə etmir: “Çünki istər uşaq, istər böyük adam  xəstə  vaxtı ona görə halsız olur ki, əlavə enerji sərf edilməsin. Olan enerji immunitet  tərəfindən virusla mübarizəyə xərclənsin. Amma adamı süni şəkildə tez zamanda ayağa qaldırmaq onun enerjisini parçalamaq deməkdir. Bunun da fonunda virus aktivləşib ağırlaşmaya səbəb ola bilər. Ona görə virus infeksiyası zamanı düzgün olan  evdə qalmaq, bol maye içmək, özünü yormamaq, bədən baş ağrısa da bunu izləmək tez zamanda deyil, ağırlaşmadan sağalmaq istəməkdir. Nimesil çox populyar olsa da bu, sıradan deyil. Tərkib başqadır”.

Antibiotiklərin istifadəsindən söz açan Aytən İsmayılzadə bir çox hallarda vətəndaşların yanlışlıqlara yol verdiyini bildirib: “Vacib hallarda antibiotik təyin edilir. Lakin bu zaman qısa kurs antibiotik qəbul etmək olmaz. Minimum 5 gün verilməlidir. Həkim yazıb, amma siz qısa kurs verirsiz və hesab edirsiz ki, az zərər vermiş olursuz. Amma bu belə deyil, qısa müalicə zamanı bakteriyalar ölmür, süstləşir, bir müddət sonra daha aktiv baş qaldırır. Antibiotik üç gün verildisə və heç bir effekti olmadısa dəyişdirilməlidir. Antibiotikdən sonra probiotik qəbul edilməlidir. Probiotik tərkibində bifidum bakteriya və laktobakteriyalar olması kifayətdir. Probiotik verilmədikdə növbəti xəstəlik üçün immunitet zəifləmiş olur.  Hərarət yüksəkdir deyə antibiotik təyin etmək olmaz. Otit, sistit, piodermiya kimi hərarətsiz hallarda da antibiotik təyin edilir. İlk üç hərarətli gündə ağırlaşma yoxdursa antibiotik təyin edilmir. Yerli təyin olunan antibiotiklərin bədənə mənfi təsiri yoxdur”.

ARAŞDIRMAÇI: “Turaz.org” Təhlil Komandası-Ağayeva

 

 

 

Translate »