Müasir dövrümüzün ən böyük problemlərindən biri olan narkomaniyadan cəmiyyətimiz hələ də əziyyət çəkməkdədir. Əvvəllər bu hal yalnız bəzi ölkələrdə baş verirdisə, artıq, demək olar ki, bütün dünya narkotikdən əziyyət çəkir. Yalnız yaşı yuxarı olan insanlar deyil, azyaşlılar da narkotik və psixotrop maddələrin aludəçisinə çevrilib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2021-ci ilin yanvar-iyun ayları ərzində ölkədə qeydə alınmış 14 928 cinayət hadisəsinin 4 145-i və ya 27,8 %-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42,7 % çoxdur.
Onların 57,9 %-ni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma; 35,7 %-ni eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma; 4,6 %-ni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə; 1,7 %-ni güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi; 0,1 %-ni isə digər cinayətlər təşkil edib.
Bəs insanları, xüsusən azyaşlıları belə pis vərdişlərə vadar edən nədir?
Narkotik istifadəçilərinin bir çoxundan alınan müsahibələrdə bu yola başlama səbəbləri olaraq ailə münasibətlərinin yetəri qədər inkişaf etməməsi göstərilir. Yəni valideynlər uşaqlarıyla yaxından maraqlanmır, onlara yetəri qədər vaxt ayırmır.
Digər bir səbəb isə narkotik istifadəçisi olan qızların irəli sürdüyü bir səbəbdir ki, özlərindən yaşca böyük və belə maddələrdən istifadə edən insanlarla münasibətdə olmaları və bunun nəticəsi olaraq narkotikdən asılı hala gəlmələridir.
Günümüzdə zərərli maddələrdən istifadə edən qızların sayı oğlanlara nisbətdə daha da çoxdur. Uşaqların bir hissəsi 11-12 yaşlarından etibarən bu maddələrdən asılı hala gəlirlər. Danılmaz bir faktdır ki, bu halların yaşanmasının səbəbi də ailə münasibətlərinin düzgün olmamasıdır. Psixoloqların məlumatına görə, yeniyetmə orqanizmi 2-3 istifadədən sonra narkomana çevrilir. Ölkəmizdə narkotikdən asılı hala çevrilən insanların müalicəsi üçün reabilitasiya mərkəzləri fəaliyyət göstərir. Buraya anonim halda da müraciət edərək bu vərdişdən xilas olmaq mümkündür.
Bir çox hallarda yeniyetmə intiharlarının səbəbi narkotik vasitələrdən istifadədir.
Belə maddələrdən istifadə edən şəxslərin həyatı məhv olur, işlərindən, təhsil həyatlarından imtina edir, ailələri ilə görüşmür, necə deyərlər “canlı ölü”yə çevrilirlər. Çox təəssüf ki, narkotik maddələrdən istifadə nəticəsində xeyli insan, xüsusən də azyaşlılarımız dünyasını dəyişir. Belə halların yaşanmaması üçün əsas məsuliyyət valideynlərin üzərinə düşür. Onlar uşaqları daim nəzarətdə saxlamalı, hansı mühitdə olduqlarını bilməli və övladlarıyla daha səmimi münasibət qurmalıdırlar. Məktəblərdə zərərli vərdişlərlə bağlı məlumatlandırıcı tədbirlər mütamadiyən keçirilməli, müəllimlər dərs zamanı uşaqları düzgün istiqamətləndirməlidir. Fəsadların bir çoxu məlumatın yetərsiz olmasından, uşaqların qarşı-qarşıya olduqları situasiyanı dərk edə bilməməsindən, həmin vəziyyətlə bağlı heç bir anlayışının olmamasından irəli gəlir.
Övladlarımız, gənclərimiz bizim gələcəyimizdir.
Gələcəyimizin daha gözəl olması üçün daha diqqətli və məsuliyyətli olmağa çalışaq.
Araşdırmaçı: “Turaz.org” Təhlil Komandası – Lalə Padarova
Son Xəbərlər
Havanın çirklənməsi xroniki öskürək yarada bilər
İsmayıllıda zəlzələ oldu
Ermənistanla Azərbaycan arasında sülh…- ABŞ-dan yeni açıqlama