Dekabr 9, 2022

Balı bol yarmarka davam edir

Yarmarkada hər arıçıya 300 kq məhsulun çıxarılmasına icazə verilib.

Bura bal yarmarkasıdır. Adından da göründüyü kimi yarmarkada bal məhsullarının satışı həyata keçirilir. Turaz.org-un əldə etdiyi məlumata əsasən, oktyabrın 1-i başlayan bu yarmarka insanların rahat tapa bilməsi üçün Gənclik metrosunun çıxışında qurulub. Ölkədə keçirilən bal məhsullarının 22-ci sərgi-satış yarmarkasıdır. Bu il 40 rayon üzrə 250 arıçı qeydiyyata alınıb. Hər arıçıya 300 kq arıçılıq məhsulu çıxarılmasına icazə verilib. Bu il ən çox Şəki, Gədəbəy, Daşkəsən, Qax, Zaqatala, Astara bölgəsindən arıçılıq məhsulu paytaxta gətirilib. Arıçılıq məhsulu dedikdə bir çoxumuzun ağlına ilk olaraq bal gəlir, ancaq baldan savayı 13 məhsul da var ki, ən az bal qədər ləzzətli və qiymətlidir və biz onları arılardan əldə edirik.

Biz də hər il olduğu kimi bu ildə bol ballı yarmarkaya gəldik. Yarmarkaya ilk addım atdığım dəqiqədən üzümüzə gülüş, qoluma isə 1 arı qondu. Başımı qaldıranda yarmarka da hər yerdə arıların uçuşduğunu gördüm ancaq bu mənim təbəssümümü daha da artırdı. Çünki bu yarmarkanın təşkilinin əsas səbəbkarlarını alıcı və satıcılarla bir yerdə görmək xoş oldu. Hər kəs öz işi ilə məşğul olurdu: arılar uçuşmaqla, arıçılar ballarını göstərməklə, mən isə bu bal xəbəri hazırlamaqla.

Arıçıların hər birinin üzündə bir xoş təbəssüm dillərində eyni cümlə var idi : “Almasan belə, gəl balın dadına bax, hələ beləsini heç yerdə görməmisən, yeməmisən”. Elə xoş qarşılayıb sözlərini elə xoş gülüşlə deyirdilər ki, yarmarkadakı bütün arıçılıq məhsullarını həm dadmaq, həm almaq istəyirdim. Bəs arıçılar ötən ilki yarmarka ilə bu il ki yarmarka arasında fərqlər barədə nə düşünür?

Aqrar Təchizat və Tədarük Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Qalib Bəhramov bildirdi ki, bu ilki bal yarmarkası ötən ilki yarmarkalardan bir neçə xüsusiyyətinə görə fərqlənir.

“İlk dəfə bal yarmarkasına Şərqi Zəngəzur İqtisadi rayonundan arıçılar təşrif buyurub. Eyni zamanda bu il biz çalışmışıq ki, respublikanın bütün ərazilərindən arıçılar iştirak etsin”.

Arıçılar müəllimi Namiq İlqarovun sözlərinə görə, ötən il ilə müqayisədə bu il yarmarkaya tələbat azdır. Buna səbəb olaraq əhalinin maddi vəziyyətini və artıq vaxtaşırı kənd məhsullarının şəhərə gətirilib satılmasını qeyd etdi. O həm də arıçıları ədalətli olmağa və balları öz qiymətindən artıq qiymətə satmamağa çağırdı.

20 illik arıçı İdrisov Şahruddində bu il balın bol, satışın isə ötən illə müqayisədə az olduğunu bildirdi. Onun fikrincə, havanın isti keçməsi səbəbindən insanlar yarmarkaya üz tutmaqda çətinlik çəkir. İşğaldan azad olunmuş bölgələrin arıçılarının da iştirak etməsi həm yenilikdir, həm də qürurvericidir.

Arıçılıq Azərbaycanın qədim sahələrindən biridir. Dünyada arıçılığın inkişafı sahəsində Qafqaz xüsusi yer tutur və təsadüfi deyil ki, Azərbaycanda olan iki arı cinsi dünyada məşhurdur. Hesab edirik ki, aqrar sektorun inkişafında arıçılığın xüsusi yeri var. Bu sahənin dəstəklənməsi üçün ötən illərdə prezident İlham Əliyev xüsusi dövlət dəstəyi tədbiri müəyyən etdi. Dövlət dəstəyi tədbirləri tətbiq olunduğu dövrdə arı ailələrinin sayı təxminən 320 minə çatıb.

 

Turaz.org” Təhlil Komandası – Nəzrin Məşədiyeva

Translate »