Oktyabr 22, 2021

Beş dostun arzusu

Düşünün, beş dost, beş vətən üçün döyünən ürək. Qazi Tural Şükürovun dilindən: “Biz döyüşdə bir qrupda olmuşuq, pis, yaxşı günümüz bir yerdə keçib. Mingəçevirdən qoşulmuşduq döyüşlərə. Arada özümüz üçün söhbətləşəndə deyirdik ki, hansımızdan birimiz sağ qalsaq adlarımızın əbədiləşdirilməsi üçün şəkillərimizin və adlarımızın bir arada olduğu bir bulaq inşa etdirərik. 1 oktyabr 2020-ci il tarixində, Suqovuşan ətrafında Ağuçuq yüksəkliyində gedən şiddətli döyüşdə yoldaşlarım Osmanov Arzuman, Məmmədli Məhəmməd, Ağakişiyev İlkin, Həsənov Tural şəhid oldular, bir mən sağ qaldım içlərindən. Mən də qrupumuzda bizimlə birlikdə Mingəçevirdən olan iki nəfər Bağırov Sənan və Malıyev Fəridin məni ordan çıxartmaları sayəsində sağ qaldım. Sağ qalmağım sanki möcüzə idi. Mən də əhd etdim ki Mingəçevirdə o bulaq tikiləcək. İlk öncə onu əvvəl işlədiyim salonun qarşısında əvvəllər böyük, bərbad zibilqabı olan ərazidə tikdirmək üçün öz cibimdən bütün ləvazimatları almışdım. Hərbi hissədən mənə verilən məvacibi bulaq tikintisi üçün xərclədim. Ancaq icazə mövzusuna görə gəlib icra hakimiyyətinin nümayəndələri sökdülər. Sonra bu mövzular ictimailəşdi və ictimaiyyət tərəfindən birmənalı olaraq qarşılanmadı, etirazlara səbəb oldu. 2 ay süni maneələrlə yenidən həmin bulağın tikintisinə qarşı çıxmağa çalışdılar. Ancaq nəhayətində həmin yerdən 50 metr aralıda olsa da, bulaq inşa olundu”.
Bəli, bu sözləri müsahibim, hal-hazırda Türkiyədə Medical Park Florya xəstəxanasında müalicə alan qazi Tural Vüqar oğlu Şükürov mənimlə söhbəti zamanı qeyd etdi. Bir daha anladım ki, qazilərimiz harda olurlarsa olsunlar, öz igid yoldaşlarını, şəhidlərimizi heç vaxt unutmurlar. Ancaq təəsüflər olsun ki, bəzi yerli dövlət orqanlarımız bu kimi gözəl, anlamlı işlərin icrasına mane olurlar. İnanırıq ki, bu mövzuya bütün yerli dövlət orqanlarının nümayəndələri, icra hakimiyyətləri həsas yanaşar və özləri bu təşəbbüsü irəli sürməsələr də bunu edənlərə mane olmazlar. Ancaq ürək nə qədər çox istəyərsə, onu əldə etmək bir o qədər də uzun çəkməz. Bu qazi qardaşımız söz verdi silahdaşlarına, ürəkdən istədi, bütün manelərə baxmayaraq sonda bacardı.

Turaz.org xəbər verir ki, bu gün Mingəçevir şəhərində saat 17:00 da şəhidlərimizin adına inşa edilən bulağın açılışı olub.
Qeyd edək ki, xatirə kompleksi Mingəçevir şəhəri Heydər Əliyev parkının yaxınlığı, İsmət Qayıbov küçəsi bina 2-nin arxasında yerləşir.

Açılışdan görüntüləri təqdim edirik:

 

Müsahibim qazi Şükürov Turala mənə vaxt ayırdığı üçün öz təşəkkürümü bildirir, onun tezliklə sağalmasını diləyirəm.

Translate »