Dekabr 7, 2022

Beynəlxalq Türk Akademiyası Nizami Gəncəvinin poemalarını qazax dilinə tərcümə edib

Qazaxıstanın paytaxtı Nur-Sultanda Beynəlxalq Türk Akademiyasının nəşr etdiyi dünya şöhrətli şair və mütəfəkkirlər – Nizami Gəncəvi, Əlişir Nəvai, Yunus Əmrənin kitablarının təqdimatı olub.

Turaz.org xəbər verir ki, bu barədə “Kazinform” məlumat yayıb.

Məlumata görə, Beynəlxalq Türk Akademiyası türk xalq ədəbiyyatının klassiki Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə, Əlişir Nəvainin anadan olmasının 580 və Yunus Əmrənin vəfatının 700 illik yubileylərinə həsr olunmuş “Şərqin bürcləri” adlı konfrans keçirib.

Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşimbayev bildirib ki, 2021-ci il türk dünyasının bir çox ölkələri üçün əlamətdardır.

Akademiyanın təşəbbüsü ilə bu müəlliflərin əsərlərindən ibarət toplular bir neçə dildə nəşr olunub. İlk dəfə olaraq qazax dilində Yunus Əmrənin şeirlər kitabı nəşr olunub.

Senatın sədri türkdilli ölkələrin birliyinin möhkəmləndirilməsinə yönəlmiş kitabların milli şüurun dirçəlməsinə də töhfə verəcəyini vurğulayıb.

Nizami Gəncəvinin məşhur “Yeddi gözəl” və “Leyli-Məcnun” əsərləri tam həcmdə qazax xalqının Tair Jarokov, Qasım Amanjolov, Jakan Sızdıkov, Dixan Abilov, Taken Alimkulov kimi görkəmli şairlərinin tərcümələri ilə çap edilib. Nəşr görkəmli Azərbaycan rəssamı Fəxrəddin Əli Vəlioğlunun əsərləri ilə illüstrasiya olunub.

Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə görkəmli türk şairi Yunus Əmrənin əsərləri ilk dəfə tanınmış qazax şairi Svetkali Nurjanın ədəbi-bədii tərcümə variantında ayrıca toplu şəklində nəşr edilib.

Türk Akademiyası habelə Əlişir Nəvainin Azərbaycan dilində tam şerlər toplusunu hazırlayıb. Əsərlərin tərcüməsini tanınmış azərbaycanlı alim, professor Ramiz Əsgərov həyata keçirib.

Müxbir: Əzizə Əlizadə

Translate »