Fevral 3, 2023

Bıçaq cərrahın əlində can qurtaran, qatilin əlində can alan olur

Bəşəriyyət yarandığı gündən bu yana insan öz dövrünün şərtləri ilə daim mübarizə aparıb. İnformasiya əsri olaraq xarakterizə edilən əsrimizin rahatlığı ilə yanaşı çətinlikləri də var. Artıq hər bir iş düyməni basmaq qədər asanlaşıb. Hər bir məlumat bir kliklə əldə edə bilirik. Uzaqda olanlar ekran qədər yaxınımızdadır…

Bir ölkənin gələcəyinə təsir edəcək qədər əhəmiyyətli olan təhlükəsizlik məlumatları kompüterlərdə gizləndiyi halda, eyni kompüter bir- iki yaşlı körpə üçün oyuncaq da ola bilir. Artıq sosial medyada Twitter və Facebook səhifələrimizdə ağlımıza gələni yazaraq yazıcı, qarşımıza çıxanı tənqid etməklə tənqidçi, canlı videolar paylaşaraq rejissor, mahnı oxuyaraq pop ulduzu oluruq. İnstaqramda paylaşdığımız fotolarımızla modelləri geridə qoyur, WhatsAppda menecerlik edirik. Bu gün sosial media bəzilərimiz üçün dünyada olub bitənlərdən xəbərdar olmaq üçün xəbər saytlarında bir gəzinti olarkən kimlərəsə həyatın ayrılmaz hissəsidir. Kiminin vaxt keçirmək, kiminin ürək ağrısı, kimisində həyat yoldaşı tapmaq, ev qurmaq eşqi virtual aləmə qoşulmağa şərait yaradır. Bir sözlə, sosial media həyatımızda mühüm yer tutur və hətta asılılıq yaradır. Asılılıq deyildikdə ağıla zərərli maddələr gəlsə də, internet və oyun asılılığı indi narkotik istifadə qədər insanlara zərər verir.

İnternetdə keçirdiyimiz vaxt geri qayıtmır, uşaqlarımızın, gənclərimizin ən məhsuldar illəri virtual oyunlarla boşa gedir, evlər dağıdılır, insanlar aldadılır. Çoxlu yalan-yalnış, faydalı-faydasız məlumatlar, görüntülər zehnimizi məşğul edir. Bütün bunlar psixi sağlamlığımıza mənfi təsir edir. Bəs, ilahi-nəzərgah olan qəlbimiz necə olur? Sufi biliciləri qəlbi hovuza bənzədirlər. Hiss orqanlarımızdan gələn mesajlar bu hovuza axan çaylar kimi onu doldurur. Biz faydasız və lazımsız işlərlə nə qədər məşğul olsaq, qəlb hovuzumuz bir o qədər bulanıq olur. Zaman keçdikcə könül məskəni olan qəlb qaralır, bərkiyir.Nəticədə sosial mediada paylaşımlarımız artsada real həyatda bir parça çörəyi, yaxud da problemi paylaşa bilməməyə başlayırıq.

Ən çox istifadə etdiyimiz sosial şəbəkə olan Facebookda gəlin birlikdə virtual səyahət edək. Səhifəmizə daxil oluruq, qarşımıza bildirişlər axmağa başlayır. Dostunuz toya gedib, necə oynayır, bir yandan da canlı yayımda olan arvadına əl yelləyib poza verir, biz isə az qala musiqinin sədası ilə oynamaq istəyirik. Sonra bir şəhidin görüntüləri çıxır qarşımıza, atasız qalan yetimin fəryadı, bir ananın göz yaşları, al qırmızı bayrağa bükülmüş aslan çiyinlərdə daşınır. Ürək bu mənzərəyə dözərmi? Bir müddət belə qalırıq. Ardınca qohumlarınızdan birinin paylaşdığı görüntüdən bütün sülalənin bir yerə toplanaraq gəzintiyə çıxdıqlarını görürük. Bax hələ! Daha dünən telefonla danışdım, məni dəvət etmədi, bu həyatda heç nəyin xeyri yoxdur” deyərək ürəyimizdən keçirik, qəlbimiz qırılır. Sonra başqa bir ölkədə aclıq və epidemiyadan əziyyət çəkən insanların görüntüsü cıxır qarşımıza. Müharibə gedən ölkələrdə xarabalıqlar arasında qalmış yetimin yanağında palçıqlanan göz yaşlarında insanlığımız çirklənir. Gözümüzdə yaş, boğazımızda bir düyün oturur, ah çəkib virtual turumuza davam edirik. Budur qapı qonşumuz min bir fərqli təamla möhtəşəm süfrə qurub fəxrlə paylaşır. Bir an aclıqdan skeletə dönmüş bədəni ilə bir küncə qıvrılmış uşağın fotosu ağlımıza gəlır. Daha bir paylaşım gəlir, “Bilmirəm neçə ilə kreditlə ev ala bilərsən”. Başqa bir səhifədə çox hörmətli bir alimin sözləri ürəyinizi yumşaldarkən, “mən də o mühitdə ola bilsəydim, nə gözəl söhbət edir” deyirsən. Bir paylaşım daha! Bir qadın çimərlik paltarının reklamında qumun içərisinə sürüşdü. Haca gedən biri təvaf görüntülərini paylaşıb. Qəzəblənən ər arvadına şillə vurdu. Səkkiz yaşlı uşaq bıçaqlandı…

Bəli, gəlin sosial medyadakı kiçik turumuzu bitirək və bu barədə düşünək. İndi bunlar çaşqınlıq, baş qarışıqlığı deyilsə nədir? Ürəyinizi şorbaya çevirən bu əhval-ruhiyyə sizi həqiqətən bezdirir və bir müddət sonra ürəyinizi bulandırır. Bundan da pisi odur ki, bütün bu olanlara zamanla elə alışırıq ki, reaksiya vermirik və filmə baxan kimi ekrana boş-boş baxırıq. Biz zamanla duyarsızlaşırıq… Unutmayaq ki, bıçaq cərrahın əlində can qurtaran, qatilin əlində can alan, həyata yeni başlayan yeniyetmənin əlində isə yaralayıcı bir vasitədir. Biz ixtiyarımızda olan internetdən gərəkdiyində və faydalı işlər üçün istifadə etməli, insanlığımızı itirmədən qəlbimizi qaraldıb qatılaşdırmadan düzgün istifadənin yolunu axtarmalıyıq.

İlahə Allahverdiyeva

Naxçıvan Dövlət Universitetin “Jurnalistika ” ixtisası üzrə IV kurs tələbəsi

 

 

Translate »