May 23, 2022

Bir yaşın ayına-gününə qısa səyahət

Bu gün “kamilinfo”nun 1 yaşı tamam olur. Saytın baş redaktoru ilə bu barədə danışdıq, çətinlik və asanlıqlarından danışdıq…

– Hamıya məlumdur ki, yazçısınız. Buna səbəb yazda doğulmağınızdır, ya başqa səbəb də var?

– Yazda doğulmayan insaf sahibləri də iqrar etməlidir ki, yaz fəsillərin ən gözəli, Səməd Vurğun demiş, təbiətin ən gözəl qızıdır. Onu qoyub başqasını sevmək üçün ciddi səbəb olmalıdır. Hanı? Yoxdu… Fəsillərin reytinq cədvəlində beş yer var. Birinci və ikinci yerdə yaz və bahar gedir, qalan yerlərdə digər fəsillər qərarlaşıb. Yazçı olmayanlara səbr diləyir, rasional düşünməyi tövsiyə edirəm. Yazı pisləməyin, bəlkə, növbəti həyatınızda dünyaya yazda gəlmək sizə də qismət oldu…

–  Niyə məhz mart? FADMM-in  yaranması da, “kamilinfo”nun təsisi də marta düşür. Təsadüfmü, ya qanunauyğunluqmu?

– Bəlkə də, təsadüfdür, amma təsadüfə təsadüf etmək imkansızdır deyirdi Sokrat. FADMM-ə gəlincə, bu təşkilatı yaratmaq üçün əvvəlcə kimlərisə 2 il, sonra daha kimlərisə bir il, daha sonra yenə kimlərisə üç ay gözlədim. Beləcə gəldi bu tarixə düşdü. “kamilinfo” da elə. Yaramazların (bəlkə də, daha ağır söz demək yerinə düşər: sərçə təfəkkürlülərin, naqislərin, cılızların, xəbislərin, korafəhimlərin…) üzündən 3 ilə yaxın redaktoru olduğum sayt şoğəriblik elədi. Bütün yazılar yoxa çıxdı. Orada FADMM-in fəaliyyətinin salnaməsi vardı, yüzlərlə qiymətli digər yazılar vardı… Üç illik zəhmət məhv edildi. Səbəbini aradım, qaneedici heç nə eşitmədim. Yalan, başdansovdu, gülünc cavablar aldım. Hadisədən xəbəri olmayan müəlliflər mənə yazır, zəng edir, yazılarının niyə yoxa çıxdığını soruşurdular… Dəqiq cavab verə bilmirdim. O yazıları yenidən bərpa etməyə başladım… Sizif əzabı. Və qərar verdim… Əsgərlikdə hava hücumundan müdafiə qoşunlarında olmuşam. ZSU 23-4-ün komandiri idim. Təlimlərdə “rəqibin” təyyarə və vertolyotlarını vurmaq üçün seçilən ekipajla yanaşı, ehtiyat, sığortaedici ekipaj da olurdu. Yəni əsas ekipaj hücum edən obyekti vura bilməyəndə sığortaediciyə əmr verilirdi. O da bir neçə saniyədə işin öhdəsindən gəlməsə, bu, tank alayı və onu qoruyan ekipajların məhv edilməsi demək idi. “Məqtul” saytın “namərdliyini” görəndən sonra alternativ barədə tədbirlər görməyə başladım. Və beləcə yeni saytın “mövludu” da gəlib marta düşdü. Xoş təsadüf saymaq olar, təbiətdən çox şey öyrənməliyik. Astronomik il də yazda başlayır, yenidən doşuluşa “bismillah” edir…

– Niyə “vasifinfo” yox,  “kamilinfo”?

–  Sayt kimlərisə vəsf etmək üçün deyil, kamil informasiya mənbəyi olmaq təmənnasıyla yaradılıb. “Net”in “network”dan başqa mənaları da var. Türkiyə türkcəsində (əsli fransızca) “net” anlaşılmaz yönü olmayan, qəti, rus dilində isə inkar mənası verir. Yəni kamil infomasiya verdiyimizi iddia etmirik, oxucunun öhdəsinə qoyuruq, özü desin: informasiyalar kamildir, ya “net”.

– Təkcə sayt yaradıb işlətmək də təzə fasondur?

– Tək demək olmaz. Anonim qalmağa üstünlük verən daha bir nəfər var. Əlbəttə, ağır yükdür, amma məcburam.

– Çox az redaktor, sayt rəhbəri var ki, işinin peşəkarı olmuş olsun. Eşitdiyimə görə, Siz sayt rəhbəri olmaq üçün Amerikada kursdan keçmisiniz.

– Bir qədər şişirdilib. Amerikada yox, ABŞ-ın burdakı şirkətində redaktorluq yox, sayt hazırlama kursunda olmuşam. O vaxt bir saytımız vardı, ABŞ şirkəti isə saytlara pulsuz hostinq xidməti göstərirdi. Saytımıza xidmətdə problem yarandı (proqram saytı idi), təklif etdilər ki, özüm kurs keçim. “Macromedia Dreamweaver MX” proqramını öyrənib yeni sayt yaratmalı oldum.

– Saytın tez-tez bağlanmasına səbəb nədir, orada gedən ciddi yazılarmı?

– Kimisə narahat edən yazılar, kürklərə birə salan mövqelər, məlumatlar.
Başqa nə olasıdır? FADMM-in fəaliyyətinin bəzi dairələrdə doğurduğu narahatlıqları da qeyd etməliyəm.

– Bir ildə bir saytda təkbaşına bu qədər yazı yerləşdirməyə görə Ginnesin “Rekordlar kitabı”na düşmək olar. Necə vaxt çatdıra bilirsiniz?

– İcazə verin, bu sualı cavabsız qoyum və gedib üzərlik yandırım (gülür).

– “kamilinfo” yaranandan bir neçə dəfə dayanmalı olub. Sonuncu dəfə dayananda server: “Sizin saytınız bizi çökdürdü”, – deyib. Sizcə, səbəb nədir?

– Bəli. Fişinq hücumları olurdu. Bu barədə serverdən bizə məlumat verdilər. Bunu “google.com” da təsdiq etdi. Ötən il mayın 23-də bu barədə yazmışdıq. Sayta aid hansısa linki e-poçt, mesencer və s. vasitəsilə göndərmək elə olmurdu – stop işarəsi qoyurdular. Amma yaxşı insanların köməyi ilə problem həll edildi, heç bir yazı itmədi. “Quql”a məktub yazıldı və sayt “oğurlanmış saytlar” siyahısından çıxarıldı… Bilməyənlər üçün: fişinq məqsədi gizli istifadəçi məlumatlarını, o cümlədən giriş və şifrələri əldə etmək həyata keçirilən İnternet fırıldaqçılığı növüdür.

– Fişinq hücumları ilə bağlı hansısa orqana müraciət etdinizmi?

– Hələlik yox. Bu işlə məşğul olan struktur var: Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi. Əgər yenidən hücum olarsa, şikayət etməkdən başqa yolumuz qalmır.

– Heç ruhdan düşdünüzmü?

–  Hamletə bənzəyirəm? Bizim qəhrəmanımız Don Kixot deyilmi? Turgenev yazırdı ki, Hamlet ən kiçik bir uğursuzluqdan ruhdan düşür və şikayətlənir, Don Kixot isə cinayətkarlar tərəfindən şil-küt ediləndə belə ruhdan düşmür, uğurlarına şübhə etmir. Şükürlər olsun, intraverdən daha çox ekstravertik.

– Fikir vermişəm, hər dəfə Şərifə Cəfərinin müsahibələrini verəndə sayt çökürdü. Bu işdə İran barmağı olmuş olmasın?

– Bəli, çox ciddi məsələdir. Görünür, rəsmi Tehranın azərbaycanlıları assimilyasiya siyasəti ilə bağlı ifşaedici yazılar böyük narahatlığa səbəb olub. Bu qədər təsadüf ola bilməz. Hər dəfə Şərifə xanımın müsahibəsi gedəndə sayt 2-3 gün bağlanırdı. Hər nə isə. Şübhəli məqamlar da vardı, necə deyərlər, “Babalı Serverin boynuna”. İndi saytı yeni serverə köçürmüşük. Görünür, yeni mühafizənin effektivliyini yoxlamaq üçün Şərifə xanımdan daha bir müsahibə almalı olacağıq…   

– Bir illik fəaliyyətinizi necə qiymətləndirirsiniz?

– Oxucular qiymətləndirsin. Məncə, çətinliklər arxada qalıb.  Xeyli bərkidik. Lev Qumilyov deyirdi, etnos kataklizmlərdən salamat çıxanda passionar qızışma dövründəkindən daha böyük uğurlar qazanır. Məncə, biz də belə bir dövr yaşadıq və sınaqlardan salamat çıxıb belə bir fürsət qazandıq. Qalanını zaman göstərəcək…

– Bir sual da özünüz verin…

– Sualım yoxdur, cavab verim. Qapılarımız yaxşı yazılara hər zaman açıqdır. Müəlliflərə fərq qoymuruq, yazçı olsun, ya payızçı. Qaraşın, sarışın və ya ağşın, vaksinli, ya vaksinsiz, sinevaklı və ya pfayzerli, solaxay, ya sağaxay, xolerik, sanqvinik, fleqmatik və ya melanxolik, ekstravert və ya intravert – fərq etməz. Bir də əsas tələb: qonşunun toyuğuna daş atmamaq vacib şərtdir (bu barədə JEK-dən arayış mütləqdir).

Mənbə: Kamilinfo.net

Həmçinin bax: turaz.org/ukrayna-ve-rusiya-isci-altqruplar-yaradiblar
Həmçinin bax: kafkazh.com/osman-nesir-nil-ve-roma

Translate »