Oktyabr 1, 2022
Qırğızıstan-Səudiyyə

Bişkek Qırğızıstan-Səudiyyə Biznes Forumuna ev sahibliyi edəcək

 

Qırğızıstan Xarici İşlər Nazirliyinə istinadən bildirir ki, bu ilin sonuna qədər Bişkekdə Qırğızıstan-Səudiyyə Biznes Forumunun keçirilməsi planlaşdırılır.

Turaz.org xəbər verir ki, Qırğızıstanın Səudiyyə Ərəbistanındakı səfiri Uluqbəy Maripov və Səudiyyə Ərəbistanı Krallığının Ticarət və Sənaye Palataları Federasiyasının sədri Əclan Əbdüləziz Əl-Əclan cümə axşamı görüş zamanı Bişkekdə növbəti Qırğızıstan-Səudiyyə Biznes Forumunun keçirilməsini müzakirə ediblər.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, tərəflər həmçinin ticarət-iqtisadi və investisiya əməkdaşlığının daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi, o cümlədən Səudiyyə Ərəbistanının işgüzar nümayəndə heyətinin Qırğızıstan Respublikasına səfərinin təşkili məsələlərini müzakirə ediblər.

Görüş zamanı, həmçinin iki qardaş ölkə arasında əməkdaşlığın perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi, investisiya imkanları barədə daim məlumat mübadiləsinin aparılması, Qırğızıstan Respublikası və Səudiyyə Ərəbistanının özəl sektorunun nümayəndələrinin iştirakı ilə birgə tədbirlərin keçirilməsinin zəruriliyi ilə bağlı suallar qaldırılıb.

Ərəbistan, həmçinin Bişkek ilə Ər-Riyad arasında birbaşa müntəzəm uçuşlar açır. Maripov yaxın vaxtlarda Səudiyyə Ərəbistanının iri şirkətləri ilə ikitərəfli görüşlər təşkil etməyi xahiş edib və həmsöhbətini qarşıdan gələn biznes forumda iştirak etmək üçün Qırğızıstan Respublikasına səfərə dəvət edib.

Öz növbəsində Əl-Əclan əminliklə söyləyib ki, o, səfirliyə gündəlikdəki məsələlərin təbliğində, o cümlədən iki dövlətin işgüzar dairələrinin nümayəndələri arasında əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş qarşıdan gələn tədbirlərin uğurla keçirilməsində köməklik göstərəcək. Görüşün yekunları üzrə Qırğızıstan-Səudiyyə İşgüzar Şurasının yaradılmasına dair sazişin bağlanmasını təmin etmək və müntəzəm olaraq birbaşa əlaqə saxlamaq barədə razılıq əldə olunub.
Tərcümə:Günay Xankişiyeva

Translate »