Sentyabr 25, 2022

BMT və dünyanın susqunluğu fonunda Tacikistanın Qırğızıstana təcavüzü

Qırğızıstan və Tacikistan arasındakı sərhədlərdə vəziyyət gərginləşib.

Bildiyimiz kimi, Tacikistan və Qırğızıstan arasında sərhəd qarşıdurmaları yenidən alovlanıb. Bəs münaqişənin tarixi kökləri nədir?

1991-ci ildə müstəqillik əldə etmiş qardaş ölkə Qırğızıstan və Tacikistan arasında sərhəd problemləri 30 ildən artıqdır ki, davam edir. Həllini gözləyən bu problemlər zaman-zaman iki ölkə arasında münaqişələrə çevrilir. Bu günə qədər davam edən problemlərin ən mühüm səbəblərindən biri də Sovet İttifaqı dövründə ittifaqı yaradan Orta Asiya ölkələrinin sərhədlərinin “süni şəkildə” çəkilməsidir. Yəni ortaq coğrafiyada yaşayan bölgə xalqlarının ayrı-ayrı yeni dövlətlərə ayrılması sərhədləri üst-üstə düşən ölkələr yaratdı. Bölgədə sərhəd məsələləri ilə bağlı bir çox mübahisələr zamanla həll olunsa da, Qırğızıstan, Özbəkistan və Tacikistan torpaqlarına yayılan Fərqanə vadisi sərhəd münaqişələrinin mərkəzidir. Tacikistan isə qardaş ölkə Qırğızıstanın beynəlxalq səviyyədə tanınan suveren ərazisi Batken vilayətinə iddialıdır. İki ölkə arasında gərginlik isə son iki ildə pik həddə çatıb.

Münaqişə sonuncu dəfə sentyabr ayında alovlanıb. Belə ki, sentyabr ayının 14-də Tacikistan tərəfinin Batken vilayətinin sərhədyanı kəndlərinə xain hücumu nəticəsində 59 qırğız vətəndaş vəfat etmiş, 163 nəfər yaralanmış və 137 mindən çox sivil öz tarixi yurdlarından təxliyə edilmişdir. Bu 137 mindən çox məcburi köçkün deməkdir. 282 yaşayış binası dağıdılıb. Tacik tərəfinin Qırğız kəndlərinə hücum etməsi, sivilləri hədəf alması, Batken Hava limanını atəşə tutması canilik və terror aktıdır.

Sivillərin hədəf alınmasına və Tacikistanın dünya birliyi tərəfindən tanınan ərazilərinin təcavüzə məruz qalmasına baxmayaraq, BMT TŞ məsələ ilə bağlı lazımi addımı atmır. Dünyada özünü “sülh carçısı” kimi tanıdan dövlətlər də Tacikistan tərəfindən edilən təcavüzə susur. 137 mindən artıq məcburi köçkün böyük problemdir.

Münaqişənin tarixi və Tacik təcavüzü ilə bağlı “QAFSAM”-ın sədri, siyasi şərhçi Araz Aslanlı “Turaz.org”-un suallarını cavablandırıb.

Araz Aslanlı münaqişənin regionda güclü təsiri olan Rusiya və Çinin maraqlarına zidd olduğunu qeyd edib. O, həmçinin BMT-nin münaqişə başlayan kimi dərhal müdaxilə etməli olduğunu, lakin gecikdiyini bildirib. Siyasi şərhçi BMT-nin fəaliyyətinin effektliyi ilə bağlı suallar yarandığını və narazılıqların olduğunu vurğulayıb.

Araz Aslanlı “BMT arzu olunan, gözlənilən reaksiyanı göstərə bilmir. Göstərsə belə, hansı nəticəni əldə edəcək, bu da bəlli deyil. BMT TŞ-nin daimi üzvləri arasında münasibətlərin necə olduğu məlumdur. Çin-ABŞ və Rusiya-ABŞ arasındakı gərginlik və qruplaşma, həmçinin kəskin qarşıdurma, effektiv müzakirə və operativ qərarların qəbul edilməsi ehtimalı çox aşağı olacaq” – deyib.

30 il erməni təcavüzündən əziyyət çəkən 60 milyonlu Azərbaycan xalqı olaraq birmənalı olaraq, eyni soydan, eyni qandan olduğumuz qırğız türklərinin acısını anlayır, itkilərə üzülür və qardaş Qırğızıstan xalqına başsağlığı diləyirik.

Araşdırmaçı: “Turaz.org” Təhlil Komandası -Yunis Əhmədov

 

Translate »