Oktyabr 24, 2021

BNA: “Sentyabrda avtobuslarla 33,6 milyon səyahət qeydə alınıb”

 

Vətəndaşların rahatlığı, onlara keyfiyyətli, müasir tələblərə uyğun və qabaqcıl təcrübəni özündə əks etdirən nəqliyyat xidmətlərinin göstərilməsi ilə bağlı tədbirlər davam etdirilib. Vətəndaş məmnuniyyətini təmin etmək üçün ötən ay Bakı Nəqliyyat Agentliyi (BNA) fəaliyyət istiqamətləri-sərnişindaşıma, yol hərəkətinin təşkili və nəqliyyat infrastrukturu sahəsində bir sıra layihələrin icrasını təmin edib.

Turaz.org xəbər verir ki, bu barədə qurumun təqdim etdiyi sentyabr ayı üzrə fəaliyyətin qısa icmalında bildirilib.

“Yeni tədris ilinin başlanması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyində müntəzəm sərnişindaşımalara tələbatın artmasını nəzərə alaraq daşıyıcı şirkətlərin rəhbərləri ilə görüş keçirilib. Görüş çərçivəsində şirkət rəhbərləri dinlənilib və onlara müvafiq tapşırıqlar verilib”, – icmalda deyilir.

Hesabat dövründə müntəzəm marşrut xətləri üzrə avtobuslarla 33,6 milyon səyahət qeydə alınıb. Ötən ay 1 marşrut xəttinin hərəkət sxemi təkmilləşdirilməklə 2 500 vətəndaşın marşrut xəttinə əlçatanlığı təmin edilib. 1 yeni qəsəbədaxili marşrut xətti təşkil edilməklə isə gündəlik orta hesabla 3 000-ə yaxın sərnişinin gediş-gəlişi yaxşılaşdırılıb. Nağdsız ödəniş sisteminə inteqrasiya prosesi çərçivəsində sentyabrda daha 4 marşrut xətti “BakıKart”a qoşulub.

Müntəzəm sərnişindaşımalarla yanaşı ötən ay Bakıda təşkil edilən 2 futbol oyunu üzrə ekspress xətlər təşkil edilib. Bu xətlərlə ümumilikdə 6 000-ə yaxın azarkeşin daşınması təmin edilib.

“Yola saldığımız ayda uzun müddətdir haqqında danışılan “BakıKart”ın balansının internet üzərindən artırılması platforması istifadəyə verilib”, – icmalda qeyd olunub.

Müxbir: Əzizə Əlizadə

Translate »