Sentyabr 28, 2022

“Bu il hər abituriyentin tələbə olmaq şansı ola bilər” – təhsil eksperti

Bir neçə gün əvvəl ali təhsil müəssisələrinə qəbul imtahanının bütün qruplar üzrə nəticələri elan olunub. Ali məktəblərə qəbul üçün sənəd verən abituriyentlər arasında yalnız bir nəfər ən yüksək nəticə, yəni 700 bal toplayıb. 

Həmçinin bir müddət əvvəl aidiyyatı qurumlar tərəfindən dövlət sifarişli yerlərin və plan yerlərinin artırılması ilə bağlı məlumat verilib. Hər il olduğu kimi, bu il də qəbul prosesinin yekun nəticəsi hər kəsdə maraq doğurur.

Hansı qrup üzrə abituriyentlərin şansının daha çox olduğu ilə bağlı təhsil eksperti Elçin Süleymanov Turaz.org-a danışıb.

Onun sözlərinə görə, bu ilə bəzi qruplarda vəziyyət gərgin olacaq:

“Bu il qəbul imtahanlarında müsabiqə vəziyyəti ən gərgin olacaq qruplar ötən illərdəki kimi III və IV qruplardır. Xüsusilə, IV qruplarda ümumi balların yüksəlməsi və plan yerlərinin əvvəlki illərlə eyni olması daha çox rəqabətə səbəb olacaq. Bildiyimiz kimi, bəzi ixtisaslar II qrupdan III qrupa keçirilib. Bu amil də III qrup üzrə müsabiqə vəziyyətini gərginləşdirəcək”.

Ekspert bildirib ki, ümumi şəkildə müqayisə aparsaq II qrup abituriyentlərinin daha şanslı olduqlarını görmək olar:

“II qrupa sənəd verən abituriyentlər topladıqları ballara uyğun düzgün ixtisas seçimi etsələr müsabiqəni keçən hər bir abituriyentin tələbə adını qazanma şansı var.

Bu il I qrupa sənəd verənlərin sayı ötən illərə nisbətən daha çoxdur. Bu vəziyyəti daha da gərginləşdirir.

Ümumi olaraq təxminən 5%-ə yaxın plan yerlərinin, eyni zamanda dövlət sifarişli yerlərin sayı artırılıb. Bunları nəzərə aldıqda görürük ki, ötən illərlə müqayisədə elə də böyük fərq olmayacaq”.

 

Araşdırmaçı: “Turaz.org” Təhlil komandası – Fidan Vəliyeva

Translate »