Dekabr 9, 2021

Cari il Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı 3,5 faiz artıb

2021-ci ilin məhsulu üçün Naxçıvan Muxtar Respublikasında 64 min 259 hektar sahədə əkin aparılıb.

Turaz.org xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Məlumata görə, cari ilin 9 ayı ərzində muxtar respublikada 105 min 807 ton dənli və dənli-paxlalı, 11 min 44 ton dən üçün qarğıdalı, 395 ton dən üçün günəbaxan, 71,8 ton tütün, 77 min 470,1 ton tərəvəz, 54 min 689 ton kartof, 33 min 615 ton bostan məhsulları, 41 min 299,2 ton meyvə, 10 min 158,4 ton üzüm istehsal olunub. Bir neçə məhsul növü üzrə yığım hazırda davam etdirilir.

Cari ilin ötən dövründə muxtar respublikada, ümumilikdə, 64,3 hektar sahədə yeni meyvə bağları salınıb, 67 min 399 müxtəlif meyvə tingi, 11 min 190 üzüm kolu əkilib.

2021-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada 409 milyon 830 min 300 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çoxdur.

Müxbir: Əzizə Əlizadə

Translate »