Sentyabr 30, 2022

“Cənubi Koreyanı gələcəyin innovasiya ölkəsi, Seulu isə dizayn paxtaxtı olaraq görürəm”- MÜSAHİBƏ

Xaricdə təhsil almaq, karyera qurmaq bir çox insanın arzusudur. Son illərdə xaricdə təhsil almaq istəyən tələbələrin sayı da günü-gündən artır. Bir çox tələbələr də var ki, onlar istəsələr də,  “hansı ölkədə ixtisasa uyğun təhsil almaq daha yaxşıdır, ölkənin yaşam tərzi necədir, qəbul almaq üçün hansı sənədlər lazımdır?”  kimi  suallarla qarşılaşır.  Qaranlıq qalan sualları cavablandırmaq, onlara faydalı olmaq üçün “xaricdə təhsil” adı altında müsahibələri sizlərə təqdim edəcəyik.

İlk buraxılışımız Cənubi Koreyada təhsillə bağlıdır.  Turaz.org hazırda Cənubi Koreyada dizayn təhsili alan soydaşımız Fidan Abdullayeva ilə müsahibəni təqdim edir.

 -Koreyada təhsil almaq üçün nə etmək lazımdır  və xarici tələbələr üçün hansı şərtlər var?

-Mən özümdən misal gətirim. Türk liseyində 12 il oxuduqdan sonra sənədlərimi birbaşa Koreya universitetinə ( Seul Milli Universiteti) göndərdim. Lazım olan sənədlər  başqa xarici ölkələrdə tələb olunan sənədlərlə demək olar ki, eynidir. Universitet fənlərinin yekun ortalama balı, diplom, dərsdən kənar könüllü fəaliyyətiniz əsasdır. Əlavə olaraq Koreya dil imtahanı  (Topik ) və İelst (6.5 üzərində) nəticələri üstünlük kimi dəyərləndirilir. Dizayn oxuduğum üçün əl işlərimdən ibarət portfolio da göndərmişdim. İkinci tura keçdikdə artıq qabilliyət imtahanı edirlər.

 -Təhsil və yaşam tərzində nə kimi fərqliliklər var?

-Azərbaycan universitetləri ilə qarşılaşdıra bilməyəcəm, amma xüsusiyyətlərini sadalaya bilərəm. Bir çox tələbə kampusda yaşayır, hər fakültənin öz binası var. Keçəcəyi fənləri tələbə özü semestrin əvvəli seçir və bu dövr bir müharibəyə bənzədilir. Məsələn, bir fənn üçün 50 yer ayrılıbsa, 100 tələbə qeydiyyatdan keçmək istəyir. Dərslərimiz  mühazirə və praktiki olaraq iki yerə bölünür. Bir midterm imtahanı olur, onun arasında həm təqdimat, həm də qrup və fərdi işlərimizi təqdim edirik, daha sonra final imtahanları olur. Yaşam tərzinə gəldik də isə, deyə bilərəm ki,  onlar gündəlik həyatda bizdən daha aktivdilər. Həyat sloqanları “ balli-balli”, yəni “tez-tez”- dir. Restoranda 10 dəqiqədən artıq yemək gözlənilmir, avtobuslar hər 1-2 dəqiqədən bir gəlir və s. Ən əsası insanlar bu qaydalara riayyət edir, metroda belə cizgi var və o cizgidə durub sırayla vaqona girirlər. Bizdə olduğu kimi yaşlılara hörmət var, amma heç kim nəqliyyatda oturmaq üçün yer vermir. Onlar və hamilə qadınlar üçün xüsusi yerlər ayrılıb.

 –Koreyada sizi ən çox təəcübləndirən şey nə olub( müsbət, mənfi)?

-Ən çox təəcübləndiyim şey şəhərin belə təmiz olmasıdır. Yalnız xaricilərin çox olduğu yerlərdə küçədə zibil görmək olar. Bundan əlavə bizə qeyri-adi gələn şeylərin onlarda adi qarşılanmasıdır. Məsələn, kafe və restoranlarda suyun pulsuz olması, mağazadan bir məhsul alana belə hədiyyə verilməsi və s.  Mənfilər isə çox az sayıdadır, çünki bu onların mədəniyyətidir və biz bura təhsil almağa gəlmişik. Məncə, insan hər şeyə öyrəşə bilər.

– Koreyada bir günlük tələbə hayatını təsvir edə bilərsiniz?

-Səhər yemək yedikdən sonra ilk dərsin olduğu binaya piyada  və yaxud avtobusla ( kampuslar arası pulsuz olur) gedirəm. Dərslərin arasında vaxt olarsa, nahar edirəm, yoxdursa, digər binaya qaçıram. Dərslər bitdikdən sonra yataqxanaya qayıdır və sabahın dərsləri üçün konspekt və təqdimat hazırlığı görürəm. Gecə və ya səhərə yaxın olsa belə mağaza açıq olur, ona görə də  hər vaxt kofe, çay almaq olur.

 –  Azərbaycanlı olduğunuzu deyəndə sizi necə qarşıladılar, ümumiyyətlə xaricilərə qarşı münasibətləri necədir?

-Mehriban millətdir, belə olduqlarını gözləmirdim. İlk aylarda küçədə belə sualım olsa, dayanıb kömək edirdilər, bəziləri hətta gedəcəyim yerə qədər aparırdı. Azərbaycanı çoxusu tanımır, lakin harda yerləşdiyin anladanda başa düşürlər, çünki Türkiyə və Rusiyanı çox yaxşı tanıyırlar. Ən çox maraqlananlar isə  yaşlı nəsil olur.

-Koreyada dizayn təhsili alırsınız. Buranı xüsusi olaraq seçməyinizdə bir səbəb var? İtaliya deyil də, Koreya?

-Mən İtaliya, İspaniya və Koreya sənəd yollamışdım və hər 3 ölkədən qəbul aldım. Daha əvvəl avropada olduğum və yay məktəbində iştirak etdiyim üçün az-çox onların təhsil sistemindən xəbərdar idim. Yaşam tərzi də mənim üçün əhəmiyyət göstərir və Cənubu Koreya mənim ürəyimə daha çox yatdı. Həmçinin qəbul olduğum universitet ölkədə bir, dünyada 36-cı yerdə olduğu üçün buranı seçdim.  Koreyanı gələcəyin innovasiya ölkəsi, Seulu isə dizayn paxtaxtı olaraq görürəm. Onlar artıq burda  ABŞ-nı keçib .

–   Maraqlı əl işləriniz var, gələcəkdə bu sahədə Koreyada işlər görmək kimi planınız var?

-Təşəkkür edirəm. Gələcəkdə Koreyada bizim ölkəni dizayn cəhətdən sintez edərək tanıtmaq fikrim var.

-Burdan Koreyada təhsil almaq istəyən oxucularımıza hansı məsləhətləri vermək istərdiniz?

-Ən əsası “Bacarmaram” deyib daha asan alternativ axtarmayın. İstədiyiniz bir şeydirsə, sonuna qədər gedin. Üç dəfə qəbul almayıb dördüncü də qəbul alan tanışlarım var. Özünüzə güvənin, irəliyə baxın.

Fidan Abdullayevanın Koreyadı fəaliyyəti ilə bağlı daha ətraflı @f1danz “İnstagram” hesabından məlumat ala bilərsiniz.

Aysel Məhərrəmova

Translate »