Dekabr 4, 2022

Photo by http://www.world-wide-gifts.com/

Dəniz əbədi həyatdır

Dəniz əbədi həyatdır

Bəzi insanlara görə dənizin mövsümü vardır. Dəniz onlar üçün keçici bir həvəsdir. Mövsümü bitdiyində bir sonrakı yayda görüşənədək vidalaşırlar dənizlə. Kimilərinə görə isə sadəcə şəkil çəkdirmək, çəkdirdiyi fotolarla insanların maraq dairəsinə çevrilmək üçün dənizə gələrlər, pozlar verib istədikləri görüntüləri əldə etdikdən sonra arxalarına belə baxmadan ayrılarlar ordan.
Halbuki dəniz hər mövsümdə, hər saat və hər an fərqli bir yanıyla sevilməyə layiqdir. O, yaxından da, uzaqdan da gözəldir. Ən çox da fısıldadığı nəğmələriylə insanın ürəyinə toxunur. Şeir kimi səsi , həyat bəxş edən sevinci vardır dənizin. Seyrinə dalan gözlər ətrafda ondan başqa bir şeyi görməzlər.
Əslində insanlar və dənizlər bir-birlərinə çox bənzəyirlər. Bəzən qəzəblənib aşıb-daşan dəniz özünü dəlicəsinə qayalara çırpar. Bir yumruq da sənə vuracaqmış kimi gələr, yanına yaxınlaşa bilməzsən. Hirsindən qapqara olar, sanki qara bir pərdə ilə üzünü örtmüşdür, görə bilməzsən onu. Bəşərin şiddətindən qaçan məsum canlılar onun dərin sularına qərq olar. Bəlkə də buna görədirmi nədir bilmirəm dəniz çox zaman kədərli görünər.
Bəzən səssiz, sakit və durğun olar. Yavaş-yavaş yaxınlaşar sahilinə, nazlı-nazlı süzülər…. Qıvrımlı ətək geyinmiş bir gəlin kimi sahilləri süpürər. Gecə olunca göydəki ulduzlar sanki dalğalı saçlarına tac qoyar. Göz bu gözəlliyin seyrinə dalarkən şairlər dərdlilərə dərman olacaq şeirlər yazar. Dəniz şairləşər, şair dənizləşər, dərdlər dərinləşər……
Dənizin sonsuz üfüqlərinə baxdıqca bir qürbət sıxıntısı dolar içinizə. Gözünüz doğmalarınızı, yaxınlarınızı axtarar, sanki dalğalara qapılıb yanınıza gələcəkmiş kimi hiss edərsiniz. Sonra sahilə hər yaxınlaşan dalğada onları axtararsınız.
Dəniz cəfakeş və vəfalı bir dostdur….. Ona etdiyiniz bütün pislikləri sinəsinə çəkər. Yeri gələr xəzinələrini, incilərinin söküb alarıq bağından amma nə dinər, nədə ki arxa çevirər sənə. O cömərdlik abidəsiylə sanki insana Allahın “Rezzak” adını xatırladır.
Dəniz ona sığınanları qucaqlayar, bağrına basar, sahilinə yetişənləri dincliyinə qovuşdurar. Dəvətkar nəfəsində “Tövhid”dən burhanlar vardır. ” Əl- Əmir”in əmrindədir dəniz. Bir əsasın işarətilə fironları udar. Nuhun asi qövmünü boğan dəniz bəzən də ölmüşlərə həyat, cansızlara can olar. Yunuslar yetişdirir ərənlər məktəbində. İncidilmiş, qovulmuş, yaralanmış Yunuslara yoldaş olsunlar deyə…
Dəniz elmin təmsilçisidir….. Bəlkə də buna görədir dənizə baxarkən insan səssizliyə bürünür. Mavinin bütün rənglərini özündə daşıdığı kimi dərin sularında nə çox mənaları daşıyır dəniz. Onun möhtəşəmliyinin qarşısında dillər yetərsiz, ağıl iradəsiz, qəlblər şikayətsiz qalır. Bu zaman bir “Hu” çıxar insanın ağzından və əsən yellərə qovuşub Rəhmana yönələr… Ağıl dərin burulğanlara düşərkən, könül qanadlanıb fəzaya yüksələr…..

 

İlahə Allahverdiyeva
Naxçıvan Dövlət Universitetinin
“Jurnalistika” ixtisası üzrə IV kurs tələbəsi

 

 

 

 

Translate »