Noyabr 29, 2022

“Depressiyadan ən çox əziyyət çəkənlər onlayn formatda çalışanlardır” :..Psixoloq

Payız aylarında havanın dəyişməsi, günəş şüalarının, istiliyinin zəifləməsi insan əhval-ruhiyyəsinə də təsir edir. Belə olduqda əksər insanlar üçün depressiya qaçınılmaz hala gəlir.

Psixoloq Rübabə Novruzova dəyişən hava şəraitinin insan psixologiyasına göstərdiyi mənfi təsirlərdən “turaz.org”a danışarkən bildirib ki, bu həssas insanlarda depressiv aləmətlərin ortaya çıxmasına səbəb olur:

” Buna səbəb isə belə insanların adi günlərdə də depressiya meyilli olmasıdır. Mövsümün dəyişməsi ilə tətillər bitir və iş qrafiki də normal olaraq daha da kəskinləşir. Bundan əlavə günəşin daha az görünməsi soyuq havada depressiyaya düşənlərə bəhanə olur. Belə insanlar adətən səhər yuxudan oyanmağa, işə getməyə çətinlik çəkirlər. Günün böyük hissəsini isə yorğun şəkildə keçirirlər. Daha çox yatmaq və daha çox yemək istəyirlər.

Depresiyaya düşən insanlar əksər vaxtlarda şirniyyat yeməklə bunun öhdəsindən gəlməyə çalışırlar. Şirniyyat da vitamin azlığı yaradır. Beləcə depressiyada olan insanın vəziyyəti daha da pisləşir. Depresiyaya düşən insanın ilk növbədə qida rasionu qaydasında olmalıdır. Günlük qidalanmada meyvə-tərəvəzlərdən çox istifadə etməlidir.

Yaxınları payızda ,eyni zamanda, qışda depresiyaya düşən adamlara hansısa məşğuliyyət tapmaqla yardımçı ola bilərlər. Gündə azı bir dəfə təmiz havada gəzinti mütləqdir. Bu aylarda depresiyadan ən çox əziyyət çəkən adamlar əksər hallarda işsizlər və onlayn formatda çalışanlar olur. Xüsusilə bu şəxslər özlərinə günlük rejim hazırlasa, yaxşı olar.

Bu aylarda depressiv insanların komediya filminə baxması, cəmiyyətdə baş verən neqativ halları özündən kənarlaşdırması, sosial şəbəkələrdə neqativ rəylərə fokuslanmaması onları bütün mənfi enerjilərdən qoruya bilər”.

Translate »