Avqust 14, 2022

Bu gün Qazaxıstan xalqı “Milli Dombra Günü”-nü qeyd edir. 2018-ci il iyunun 13-də Qazaxıstan Respublikasının Prezidenti “Milli Dombra Gününün qeyd edilməsi haqqında” sərəncam imzalamış və bu əlamətdar günün iyulun ilk bazar günü qeyd olunmasını qərara almışdır.

Qədim türk mədəniyyəti zənginliyi, bənzərsizliyi, əsrarəngizliyi ilə daim seçilmiş və seçilməkdə də davam edir. Əski türk milli çalğı alətlərindən olan dombra və qopuz onların ucsuz bucaqsız musiqi yaradıcılığının nişanəsidir.

İnanca görə, dombra çalğı aləti ifa edilən zaman türkün atalarının qəlbinin səsi eşidilir. Bu məqamda deyə bilərik ki, dombra bir qazax üçün musiqi aləti olmaqla kifayətlənmir, eyni zamanda qədim soykökə qayıdışın simvoludur. Demək olar ki, elə bu səbəbdən Qazaxıstandakı evlərin əksəriyyətində divardan dombralar asılır. Alət uzun incə qola malikdir, baş hissədən gövdənin sonuna qədər (quyruq) 2 sim gərilmişdir. Dombranı çalmaq üçün mizrabdan istifadə edilmir, barmaq ucları kifayətdir. Gövdə hissəsi isə müxtəlif qazax ornamentlərindən istifadə edilərək bəzədilir.

Dombranın yaranması ilə bağlı xalq arasında gəzən əfsanə və rəvayətlərin əksəriyyətinin kökündə hüzn durur: Qədim zamanlarda xan qızı kasıb bir oğlana aşiq olur və gizlincə görüşürlər. Bundan xəbərdar olan xan oğlanı öldürür. Oğlandan qızın əkiz övladı (bir qız, bir oğlan) doğulur. Dedi-qodulardan qorxan xan, uşaqları öldürməsi üçün jalmavuza (cadugərə) verir. Jalmavuz uşaqları gözün görmədiyi, qulaqların eşitmədiyi bir yerə götürüb yamyaşıl ağacın başından qızı şərqə, oğlanı qərbə tərəf çevirib bağlayır. Uşaqlar bu müddət ərzində o qədər ağlayırlar ki, onların gözyaşlarının düşdüyü ağacdakı hissələr çürüməyə başlayır. Uşaqların ürək döyüntüləri dayanan vaxt ağacın da ömrü sona çatır. Qız isə el içində söylənənlərə dözə bilmir, övladlarını axtarmağa gedir. Getmədiyi yer, çıxmadığı dağ, baxmadığı məkan qalmır. Kədərlə günləri, gecələri yuxusuzluq içində, ümidlə ayları, ağlamaqla illəri ötüb keçir..
Sonda yorğun və halsız qalan qız dincəlmək üçün çürüməkdə olan ağacın altına gəlib uzanır. Yuxuya getdiyi zaman onu əsrarəngiz səs oyadır. Diqqətlə qulaq asan qız səsin ağacdan gəldiyini anlayır. O, gündüzlər əkizləri axtarır, axşamlar isə ağacın altında dincəlir və gələn səslə könlünü rahatlaşdırır. Günlərin birində ətrafa baxmaq üçün ağaca çıxan qız onu yıxır. Çox keçmir ki, külək əsir və ağacı yenidən canlandırır. Qız onun sirrini axtaranda ağacın içindəki oyuğu, təpəsindən dartınmış ipi görür: Qərbdəki ip sərbəst, şərqdəki ip isə sərt çəkilərək bağlanmışdır. Ölmüş əkizlərin ipləri olduğundan xəbərsiz qız buna görə ağacın gözəl səslər çıxartdığını başa düşür. Sonra özü də ağacı oyub, iki ip bağlayıb çalmağa başlayır. Qız ipin boş tərəfinə qəmgin səsi səbəbindən oğluna qoyacağı Munlık (kədər), sərt çəkilmiş ipə də səsinin acı olmasına görə qızına qoyacağı Zarlık (həddindən artıq kədər, qəm) adını verir. Aləti isə gecə-gündüz əlindən qoymayıb övladlarını axtarmağa davam etmişdir..
Ozan çalğı aləti kimi məşhurlaşan qopuzun yaradıcısı kimi mifoloji rəvayətlərin əksəriyyəti Qorqut Atanın adı ilə bağlıdır: Türküstan ərazisindəki rəvayətlərdən birində deyilir ki, musiqinin ölməzlik gətirəcəyindən xəbərdar olan Dədə Qorqud ormanları gəzib dolaşaraq sehirli səsə malik musiqi aləti – qopuz düzəltmək niyyətinə düşmüşdü. Ancaq o, nə qədər əlləşirdisə, düzəltdiyi alətlərdən musiqi alınmırdı. Müxtəlif ağaclardan ayrı-ayrı ölçü və formalarda alətlər hazırlayırdısa da, zəhməti boşa çıxırdı – musiqi aləti düzəltməyin sirrindən agah ola bilmirdi ki, bilmirdi. Bir gün o, yenə də ağacların arasında götür-qoy eləyə-eləyə gəzib dolaşırdı. Birdən qabağına şeytanlar çıxdı. Şeytanlar ondan nə axtardığını soruşdular. Qorqud qopuz düzəltmək istədiyini, ancaq məqsədinə nail ola bilmədiyini söylədi. Şeytanlar gülüşüb uzaqlaşdılar. Qorqud ağacların arasında gizlənib onları izləməyə başladı. Qorqudun çıxıb getdiyini güman edən şeytanlar bir – birinə dedilər: “Qorqud özünə havayı yerə əziyyət verir. O, qopuzu icad edə bilməz. Çünki Qorqud bilmir ki, qopuz hər ağacdan düzəldilməz”.
Şeytanlar qopuzu hansı ağacdan və necə düzəltməyi, onun çanağına dəvə dərisindən necə üzlük çəkməyi, at quyruğunun tükündən necə tel hazırlayıb bağlamağı yerli-yerində bir-birinə danışmağa başladılar. Onlar danışdıqca Dədə Qorqud hər bir şeyi incəliyinə qədər yadında saxladı. Sonra o, gedib qopuz düzəltmək üçün lazım olan ağacı kəsdi, şeytanların göstərdiyi üsulla qopuz düzəltdi.

P.S.Spiridonov tərəfindən 1899-cu ildə Tulyus Ayşuvakovdan toplanan başqa bir variant isə bu şəkildədir: “Qorqud su üzərindəki xalçanın üstündə oturub öz qopuzunu çalır, oxuyur. Tam bir həftə nə gecə, nə də gündüz gözünü belə yummur. Nəhayət, davam gətirə bilməyib yatır. Ancaq bundan, yəni onun mahnısının və musiqisinin susmasından istifadə edən ölüm ilan şəklinə düşərək xalçanın üstünə çıxır, onu çalıb öldürür. Əfsanəyə görə guya Qorqudu oradaca, sahildə dəfn edir, qopuzu da qəbrinin üstünə qoyurlar. Guya ki, qopuz indi də hər cümə günü xor-xut, xor-xut deyə səslənir, ağlayır, böyük nəğməkarın yasını saxlayır.

Keçmiş zamanlarda qopuz çalan ozanların orduya cəlb olunurdu. Səbəbi isə musiqinin magik qüvvə sayılması ilə əlaqədardır.Məhərrəm Qasımlı qeyd edir ki, əski türk təsəvvürünə görə, musiqi o biri dünya – ruhlar aləmi ilə bağlı olduğu üçün onun köməyi sayəsində qara qüvvələrdən – fəlakət, xəstəlik, düşmən və s. neqativliklərdən qorunmaq mümkündür. Bu səbəbdən də oğuzlar mifik inanışdan gələn belə bir qənaətdə möhkəmlənmişdilər ki, ozan və onun qopuzu tanrı dünyası ilə bağlı olan sehirli bir vasitə kimi düşmən-qara qüvvə üzərinə gedən ordunu öz magik gücüylə qoruyub toxunulmaz, yenilməz, məğlubedilməz edə bilər. Bu məqamda məşhur Noqay musiqisi olan “Dombra”-nın sözlərində də həmin bahadırlıq, cəngavərlik ruhu duyulmaqdadır, həmin dombra igidin atı, döyüş aləti kimi qələbəsini şərtləndirən yoldaşıdır:

Ногайдынъ кайгы сансыз куьнуьнде
Баьтуьрлер уйкламаган туьнуьнде
Йуьреклерин коьтерген
Согысларга куьш берген
Коьптуь коьрген домбыра…
Эй, домбыра… Эй, домбыра…

Noqayların dərdi saysız, hər günündə
İgidlərin yatmadığı günlərdə
Ürəkləri cəsarətləndirən
Döyüşlərdə güc verən
Görüb keçirtmiş dombra
Ey dombra… Ey dombra…

Müəllif: Bəsti Səttarova

Translate »