Yanvar 26, 2022

Dövlət qulluğunun A və B növünə aid vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

Dövlət qulluğunun A və B növünə aid vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

Müsahibədə iştirak etmək istəyənlər 2022-ci il 25 yanvar saat 18:00-dək Mərkəzin internet portalında qeydiyyatdan keçməlidirlər

2021-ci il 27 dekabr tarixində mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 4-7-ci təsnifatı üzrə A və B növünə aid olan ümumilikdə 67 dövlət orqanında 718 vakant inzibati vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilib.

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak etmək hüququna malikdirlər:

Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;

Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 27 dekabr 2021-ci il tarixindən 25 yanvar 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Kənd Təsərrüfatı Nazirliyi (308 vəzifə), Qida Təhlükəsizliyi Agentliyi (92 vəzifə) və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (20 vəzifə) tərəfindən təqdim olunub.

Müsabiqənin müsahibə mərhələsinə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Dövlət Turizm Agentliyində Maliyyə və texniki təchizat şöbəsində, şöbə müdirinin müavini vəzifəsidir.
Ümumilikdə, müsahibəyə çıxarılmış 718 vakant inzibati vəzifənin 3-ü AB, 88-i AC, 61-i BA, 566-sı isə BB vəzifə qrupuna aiddir.

Müxbir: Nağızadə Ayşən

Translate »