Oktyabr 5, 2022

Dövlət Vergi Xidmətinin əməkdaşı Beynəlxalq Foruma ekspert seçilib

Dövlət Vergi Xidmətinin əməkdaşı Beynəlxalq Foruma ekspert seçilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Beynəlxalq Vergitutma və Vergi Monitorinqi Baş İdarəsinin Maliyyə institutlarında vergi monitorinqi şöbəsinin rəisi Səfərəli Cavadov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi Məlumatlarının Şəffaflığı və Mübadiləsi üzrə Qlobal Forumunun tərkibində fəaliyyət göstərən Avtomatik Məlumat Mübadiləsi (AEOİ) Qiymətləndirmə Qrupuna üzv seçilib.
Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Qiymətləndirmə Qrupuna üzv seçilən ekspertlər uzun müddət ekspert qiymətləndirməsi proseslərində aktiv iştirak edən şəxslərdir və digər üzv ölkələrin vergi qanunvericiliyini mükəmməl bilmələri ilə xarakterizə olunurlar. Qrupun əsas vəzifəsi isə digər ölkələrin bu istiqamətdə qiymətləndirilməsinin aparılmasıdır.
Qlobal Forumun 2018-ci ildə keçirilmiş plenar iclasında razılaşdırıldığı kimi, 2020-ci il ərzində hər bir ölkə üzrə qanunvericiliyin hüquqi bazasının təcrübədə tətbiqinin səmərəliliyinə dair reytinqlər verilməsi və bununla bağlı qərarlar qəbul olunması nəzərdə tutulurdu. Lakin koronavirus pandemiyası ilə əlaqədar 2021-ci il üçün planlaşdırılmış bu prosesin 2022-ci ilədək təxirə salınması istisna edilmir.


Qeyd olunub ki, Azərbaycan belə bir mötəbər tədbirdə ilk dəfədir ekspert tərəfindən təmsil olunur. OECD-nin Vergi Məlumatlarının Şəffaflığı və Mübadiləsi üzrə Beynəlxalq Forumun tərkibində fəaliyyət göstərən Avtomatik Məlumat Mübadiləsi Qiymətləndirmə Qrupuna üzvlük qurum tərəfindən azərbaycanlı mütəxəssislərə verilən yüksək qiyməti əks etdirir və ölkənin nüfuzuna xidmət edir. Bununla yanaşı, bu üzvlük inkişaf etmiş ölkələrin təcrübəsindən faydalanmaq, təcrübə və məlumat mübadiləsi baxımından da mühüm əhəmiyyətə malikdir və vergi orqanlarının nüfuzunun daha da artırılması üçün də əlavə imkanlar yaradacaq. 161 ölkədən ibarət üzvü olan “Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum” hazırda vergitutma ilə bağlı məsələlərdə ixtisaslaşmış ən böyük qurum hesab edilir.

Mənbə: azertag.az
Müxbir: turaz.org xüsusi müxbiri Hüseynova Jalə

Həmçinin bax:https://turaz.org/robot-kodlasdirma-tehsili-nedir-mezmunu-nedir/

Həmçinin bax:https://tehsilim.org/mesumiyyet-muzeyi/

Translate »