Noyabr 28, 2021

Dövlətə aid 256 675 hektar ərazidə irimiqyaslı torpaq tədqiqatı başa çatıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bu ilin aprel ayından başlayaraq Neftçalada 30 376 ha, Siyəzəndə 7 382 ha, Şabranda 6 231 ha, Xızıda 37 279 ha, Qusarda 8 216 ha, Qubada 36 108 ha dövlət mülkiyyətində olan ərazilərdə irimiqyaslı çöl torpaq tədqiqatı işləri aparıb.

Turaz.org bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumatda həmçinin deyilir ki, Şamaxının 30 514 ha, Qobustanın 32 828 ha, Sabirabadın 17 056 ha, Salyanın 40 625 ha və Zərdabın isə 10 060 ha dövlət mülkiyyətində olan ərazilərində də irimiqyaslı çöl torpaq tədqiqatı işləri yekunlaşıb. İlin sonunadək Zərdab və Hacıqabul rayonlarının dövlət mülkiyyətində olan torpaqlarında tədqiqat işləri başa çatdırılacaq. Ümumilikdə dövlət mülkiyyətində olan 256 675 hektar ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı işləri tamamlanıb.

Görülən işlər çərçivəsində dövlət mülkiyyətində olan torpaqlarda yaranmış mövcud vəziyyət, baş vermiş dəyişikliklər müəyyən edilir, şorlaşma, şorakətləşmə və eroziyaya uğrama dərəcələri öyrənilir.

Tədqiqat zamanı həmçinin, aşkara çıxan qanunazidd fəaliyyət göstərən süni balıq gölləri, qış otlağı ərazilərinin qanunsuz olaraq əkin məqsədilə istifadə edilməsi və ərazilərdə qrunt suyunun səthə çıxması nəticəsində torpaqların yararsız vəziyyətə düşməsi halları ilə bağlı müvafiq qurumlara məlumatlar göndərilir.

Çöl torpaq tədqiqatı işlərinin məqsədi torpaqların mövcud vəziyyətinin, münbitliyinin, şorlaşma, şorakətləşmə və eroziyaya uğrama dərəcələrinin müəyyən olunması, torpaqların səmərəli istifadəsinə nəzarət edilməsidir. Bu işlər digər bölgələrdə də davam etdiriləcək.

 

Müxbir: Əzizə Əlizadə

Translate »