Oktyabr 4, 2022

Dünyada kəskin qiymət artımı: çıxış yolu nədir? – Ekspert rəyi

 

Dünya Rusiyanın Ukraynaya qarşı müharibəsinin əvəzini çox ağır ödəməli olacaq. Bu müharibə iki il davam edən pandemiyadan sonra iqtisadiyyatın güclə başlanmış bərpasını təhlükə altına qoyur. Görünür, ən yoxsul ölkələr digərlərindən çox zərər çəkəcək.

Rusiyanın Ukraynaya qarşı müharibəsi ölkəmiz üçün də təsirsiz ötüşmür. Azərbaycan qışda qida qıtlığı ilə üz-üzə qala bilərmi? Kəskin qiymət artımı daha nə qədər davam edə bilər və bunun qarşısı necə alına bilər?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Turaz.org-a danışıb.
Onun sözlərinə görə, Azərbaycan üçün ərzaq qıtlığı kimi bir gözlənti yoxdur:

“Azərbaycanın ərzaq aldığı ölkələrlə münasibətləri yaxşı vəziyyətdədir. Ərzaq idxalında da problem yoxdur. Bu ilin fevral ayından da İqtisadiyyat Nazirliyi ölkənin ərzaq balansı və ehtiyatları üzərində nəzarəti artırıb. 28 adda məhsulun ölkədən təkrar çıxarılması İqtisadiyyat Nazirliyinin nəzarətindədir. Nazirlik gündəlik olaraq, ölkədəki əsas strateji ərzaq məhsullarının qalıqlarına nəzarət edir. Hazırda taxıl ehtiyatları da, digər ərzaq ehtiyatları da kifayət qədərdir. Ümumiyyətlə, yaxın bir neçə vaxtda ərzaqla bağlı ciddi problem olacağı gözlənilmir”.

İqtisadçı qeyd edib ki, qiymət artımı qarşıdakı bir neçə ay ərzində də davam edə bilər:

“Qiymət artımı dünyada və ölkəmizdə hələ də davam edir. Hələlik qiymətlərin, inflyasiyanın kontrol altına alınması işarələri görsənmir. Baxmayaraq ki, dünyadakı böyük ölkələrin mərkəzi bankları ciddi sürətdə qiymət artımı ilə mübarizə aparırlar. Ancaq hələ də böyük iqtisadiyyatlara malik ölkələrdə qiymət artımları ilə mübarizə aparmaq mümkün deyil. Bu proses, yəqin ki, qarşıdakı bir neçə ay ərzində davam edəcək. Qiymət artımı ölkəyə məhsulların, əsasən, xaricdən idxal olunduğuna görə, ola bilər ki, dünyada qiymətlər stabilləşənədək Azərbaycanda da müəyyən problemlərlə rastlaşacağıq”.

Rusiyanın Ukraynaya qarşı müharibəsi ölkəmizdə aclığa səbəb ola bilərmi? Taxıl istehsalının ölkəmizdəki vəziyyəti necədir?

Ekspert taxıl istehsalı barəsində onu bildirib ki, ölkə iqtisadiyyatında anbarlarda xeyli taxıl var. Bu da onu göstərir ki, bu müharibə ölkəmizdə aclığa səbəb olmayacaq:

“Taxıl istehsalının artılması istiqamətində ölkəmizdə də müəyyən işlər görülür. İşğaldan azad olunmuş Zəngəzur bölgəmizin torpaq sahələrində taxıl əkinçiliyini həyata keçirilir. Təqribən 50 min hektar bu il taxıl əkilib. Ölkə çalışır ki, özünün taxıla olan ehtiyacını özü ödəsin, hazırda taxıla olan təlabatın 25% öz hasilatı ilə, 75%-ni idxalla təmin edir”.

Araşdırmaçı: Turaz.org Təhlil komandası – Firuzə Məlikzadə

 

Translate »